Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər İslamov 19 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.
Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Şərhlər