Xəbər lenti

Muradiyye Külliyesi: Osmanlı şahzadələrinin səssiz şəhəri (FOTO)
Foto 17:34 10.03.2026

Muradiyye Külliyesi: Osmanlı şahzadələrinin səssiz şəhəri (FOTO)

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Turizm Təşviqi və İnkişaf Agentliyi (TGA) tərəfindən türkdilli ölkələrdən olan media nümayəndələrinin qardaş ölkəyə növbəti səfəri baş tutub. Bu dəfəki səfərdə Azərbaycan və Türkmənistandan olan jurnalistlər təmsil olunub. Ramazan ayına təsadüf edən səfər zamanı media nümayəndələri İstanbul və Bursada olub, hər iki şəhərin tarixi və müqəddəs yerlərinə baş çəkib.

Bursada yerləşən Muradiyye Külliyesi Osmanlı dövrünün ən mühüm tarixi-memarlıq komplekslərindən biridir. Kompleks həm memarlıq, həm də Osmanlı tarixindəki rolu ilə xüsusi əhəmiyyət daşıyır. 

Muradiyye Külliyyesi Osmanlı sülaləsinə aid ən çox türbənin yerləşdiyi komplekslərdən biridir. Burada Osmanlı şahzadələri, sultanların ailə üzvləri və dövlət xadimlərinin məzarları yerləşir. Kompleksdə 12-dən çox türbə mövcuddur.

Kompleks XV əsrdə Osmanlı sultanı II Murad tərəfindən 1426-cı ildə inşa etdirilib. O, həyatının son illərini Bursa şəhərində keçirdiyi üçün bu kompleks də həmin dövrdə formalaşıb.



Maraqlı məqamlardan biri də budur ki, Sultan II Murad öz vəsiyyətinə əsasən üstü açıq sadə bir türbədə dəfn olunub. O, qəbrinin üzərinin tam bağlanmasını istəməyib ki, yağış damcıları birbaşa qəbrinə düşsün. Bu, Osmanlı sultanları arasında nadir bir ənənədir.

Kompleksdəki bəzi türbələr İznik çiniləri, rəngli ornamentlər və Osmanlı xəttatlıq nümunələri ilə bəzədilib. Bu bəzəklər XV–XVI əsr Osmanlı dekorativ sənətinin ən gözəl nümunələrindən hesab olunur.

Muradiyye Külliyesi Bursa şəhərinin ən sakit və ruhani atmosferə malik məkanlarından biri sayılır. Türbələr ağaclarla və bağlarla əhatə olunduğu üçün buraya gələnlər həm də istirahət və düşüncə üçün vaxt keçirirlər.

"Külliye" Osmanlı memarlığında bir neçə binadan ibarət sosial kompleks deməkdir. Muradiyye Külliyyesinə məscid, mədrəsə, imarət (xeyriyyə yeməkxanası), hamam və türbələr daxildir.

Kompleksdə dəfn olunan şahzadələrin bəziləri taxt uğrunda mübarizələr nəticəsində həyatlarını itiriblər. Buna görə də Muradiyye Külliyyesi bəzən "Osmanlı şahzadələrinin səssiz şəhəri” kimi də təsvir edilir.

Bursa Osmanlı imperiyasının ilk paytaxtı olduğuna görə sultanların ailə üzvlərinin çoxu burada dəfn olunub və Muradiyye Külliyyesi bu ənənənin ən mühüm məkanlarından biridir.

Muradiyye Külliyesində dəfn olunan tarixi şəxsiyyətlərdən biri də Şahzadə Mustafadır. Onun türbəsi bu kompleksdə ən çox ziyarət edilən məzarlardan biridir.



Osmanlı tarixinin ən faciəli taleyə sahib şahzadələrindən biri Mustafa hesab olunur. O, həm xalq, həm də ordu arasında böyük nüfuz qazanmasına baxmayaraq dramatik şəkildə öldürülməsi ilə tarixdə iz qoyub.

Şahzadə Mustafa Osmanlı imperiyasının ən güclü hökmdarlarından biri olan Süleyman Qanuninin oğludur. Onun anası isə Mahidevran Sultan olub. Mustafa uzun müddət taxtın ən real varisi hesab olunurdu. Gənc yaşlarından hərbi və siyasi qabiliyyəti ilə tanınırdı. Osmanlı ordusunun, xüsusilə də yeniçərilərin böyük dəstəyini qazanmışdı. Əsgərlər onu gələcəyin sultanı kimi görürdülər.

Osmanlı ənənəsinə görə şahzadələr dövlət idarəçiliyini öyrənmək üçün müxtəlif bölgələrə vali göndərilirdi. Mustafa da Manisa və Amasya kimi mühüm şəhərlərdə vali vəzifəsində çalışıb və idarəçilik təcrübəsi qazanıb.

Tarixçilərin bir hissəsinə görə, saray daxilində baş verən intriqalar Mustafa üçün faciəli nəticə yaradıb. Xüsusilə Hürrem Sultan və onun tərəfdarlarının Mustafanın taxta çıxmasını istəmədiyi barədə fikirlər var. 1553-cü ildə İran səfəri zamanı Konya yaxınlığında qurulan ordu düşərgəsində Sultan Süleymanın əmri ilə Mustafa boğularaq öldürülüb. Bu hadisə Osmanlı tarixində ən dramatik hadisələrdən biri sayılır.



Şahzadə Mustafanın öldürülməsi yeniçərilər arasında narazılığa səbəb olub, xalq arasında böyük matəm yaradıb, Osmanlı tarixində uzun müddət müzakirə olunan hadisəyə çevrilib. Bəzi mənbələrə görə, əsgərlər hətta Mustafanın ölümünə görə üsyan etməyə hazır olublar.

Muradiyye Külliyəsində yerləşən türbələr və qəbiristanlıq Osmanlı məzar sənətinin ən maraqlı nümunələrindən biridir. Buradakı məzar daşlarının baş hissəsi – yəni başlıq formaları – sadəcə dekorasiya deyil, həmin şəxsin statusunu, vəzifəsini və hətta peşəsini göstərən simvolik işarələrdir.

Osmanlı dövründə məzar daşlarının baş hissəsi çox vaxt sarıq (turban) formasında hazırlanırdı. Sarığın forması və qatlarının sayı saray məmuru, alim, dövlət xadimi və hərbçi kimi fərqli statusları göstərirdi. Yəni məzar daşına baxaraq həmin şəxsin kim olduğu barədə fikir yürütmək mümkün idi.

Osmanlı ənənəsinə görə, məzar daşındakı başlıq ölən şəxsin həyatda geyindiyi papağın eyni formasında hazırlanırdı: Alimlər üçün böyük sarıq, bürokratlar üçün fərqli qatlı sarıq, hərbçilər üçün daha sadə başlıq Bu, tarixçilərə həmin şəxsin sosial mövqeyini müəyyən etməyə kömək edir.



Muradiyye Külliyəsində Osmanlı şahzadələrinin məzar daşları digər məzarlardan daha zərif və bəzəkli olur. Bu daşlarda incə oyma naxışlar, bitki ornamentləri, Quran ayələri tez-tez istifadə edilir.

Qadınlara aid məzar daşları adətən çiçək motivləri ilə bəzədilmiş olur və başlıq hissəsi kişi məzarları kimi papaq formasında deyil. Llalə, qərənfil və gül naxışları istifadə olunurdu. Bu motivlər Osmanlı estetikasında zəriflik və saflıq simvolu sayılırdı.

XVII–XVIII əsrlərdə Osmanlıda məşhur olan "Lalə dövrü” sənət üslubu məzar daşlarına da təsir göstərib. Bu dövrdə daşların üzərində lalə motivləri və incə bitki ornamentləri daha çox istifadə olunmağa başlayıb.

Muradiyye Külliyəsinin qəbiristanlığı bu səbəbdən tez-tez "açıq hava Osmanlı sənət muzeyi” adlandırılır. Çünki burada yüz illər əvvəl hazırlanmış daş oyma sənətinin çox müxtəlif nümunələri qorunub saxlanılır.

Pərvin
--> -->