Xəbər lenti

Mirziyoyevin kobud səhvi, sirli tələ və yaxud Özbəkistanın fitilini kim çəkdi? (TƏHLİL)
Azər Rəşidoğlu
Siyasət 14:53 07.07.2022

Mirziyoyevin kobud səhvi, sirli tələ və yaxud Özbəkistanın fitilini kim çəkdi? (TƏHLİL)

İslam Kərimov diktaturasından sonra hakimiyyətə gələn Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyev idarəetməsinin ilk günlərindən Qərb mediasının diqqətini cəlb edə bildi. 

Yeni rəhbərlik Avropaya nəfəslik açmaq, ölkəni tədricən Rusiyanın nəzarətindən xilas etmək kursu seçdi. Şövkət Mirziyoyevin bu addımları "demokratik açılım” kimi qiymətləndirilirdi. Lakin məlum idi ki, Özbəkistanın yeni sahibi hakimiyyəti üçün təhlükə yaradan "Kərimov klanı”nın qalıqlarını yox etmək istəyir və bu savaşda ona xarici müttəfiqlər lazımdır. 

Siyasi portret cizgilərinə görə, Mirziyoyev islahatçı bir lider deyil və o, Kərimov korrupsiyasına bulaşmış adi bir bir Şərq siyasətçisidir. Dünya güclərinin maraqlarının toqquşduğu Özbəkistanda "daha çox demokratiya” təhlükəli tendensiya hesab edilir. Dünyanı idarə edənlərə özünəməftun, pul və şöhrətdən başı gicəllənən bir rəhbər lazım idi. Şərq idarəçiliyi müasir Avropa demokratiyası ilə ziddiyyət təşkil edir. Demokratik təsisatların, müxalifətin, azad medianın olmadığı bir ölkədə istənilən liderin iki yolu qalır - ya diktaturanı bərqərar etmək, ya da demokratiya ağacı əkib, onun budağından asılmaq. Şərəf Rəşidov, İslam Kərimov kimi diktatorların uzun müddət at oynatdığı, Səmərqənd-Daşkənd klanlarının on illər boyunca davam edən savaşı nəticəsində Özbəkistanda demokratiya uğrunda mübarizədən söhbət belə gedə bilməz. Bu ağır şərtlərlə ölkə yalnız diktator yetişdirə bilərdi. Şövkət Mirziyoyev də adi, orta səviyyəli bir diktatordur və onun Avropaya inteqrasiya, "türk birliyi demarşları”, Azərbaycan Prezidenti qarşısndakı təzim pozları da yalnız bir məqsədə - hakimiyyətini gücləndirməyə xidmət edir. Mirziyoyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər də öz hakimiyyət ömrünü uzatmağa yönəlmişdi. Lakin ciddi siyasi analitiklərin olmadığı Mirziyoyev iqtidarı elə ilk addımdaca büdrədi, hazırlanan tələni vaxtında görə bilmədi. Tənqid və təşəbbüsün qadağan olunduğu bir ölkədə başqa cür ola bilməzdi. 

Qaraqalpaqıstanın suverenliyi ilə bağlı sözləri Konstitusiyadan çıxarmaq qərarına gələn Mirziyoyevin bu səhvindən onun yerli və xarici bədxahları məharətlə istifadə edə bildi. Mirziyoyev sözügedən qərarından imtina etməli oldu, genişlənməkdə olan kütləvi etirazlar onu geri çəkilməyə vadar etdi. Şərqdə isə geri çəkilən liderləri sevmirlər. Bunu Şövkət əkə də anladı və ikinci böyük səhvini elədi - düzəlişlərin ləğvini elan etməsindən və geri çəkilməsindən sonra qəribə addım atdı - kütləvi etirazları amansızlıqla yatırdı. Burada xoruzun quyruğu göründü və sual yarandı: Mirziyoyevi Qaraqalpaqıstanı muxtariyyət hüququndan məhrum etməyə kim sövq edib, daha sonra kim onu öz qərarını geri götürməyə vadar edib və kim artıq heç bir ehtiyac olmadığı bir anda etirazları sərt şəkildə yatırmağa onu vadar edib? Bütün bunlar Mirziyoyev üçün qurulan tələ deyildimi? Bu tələni kim və niyə qurdu? Şövkət Mirziyoyev dinc etirazları amansızcasına yatıran bir lider imici qazandı və aydın məsələdir ki, bu amil Özbəkistanın Qərb ölkələri ilə münasibətlərinin soyuması ilə nəticələnə bilər. Mirziyoyev Qərbin kreditləri olmadan ağır böhrandan çıxa bilməz və ona belə bir şans tanınmasa, onun bir yolu qalır - Rusiyadan iqtisadi, siyasi, hərbi yardım almaq. Bu isə artıq onun siyasi baxımdan sonu anlamına gəlir. 

Əslində, oyun çox sadədir - küncə sıxılan Mirziyoyevin Özbəkistanı KTMT-yə cəlb etməkdən başqa yolu qalmır. Qaraqalpaqstan olaylarının bir səbəbi də məhz bu amil ilə bağlı ola bilər. Lakin Özbəkistanı Mərkəzi Asiyadan kənar təhlil etmək də imkansızdır. Bölgədə daha ciddi proseslər cərəyan edir. Bu oyun Qazaxstanda başlamayıb. Məsələ ondadır ki, "Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra minlərlə insan ölkəni tərk etmək istəyir. Coğrafi yaxınlıq baxımından Əfqanıstanla qonşu dövlətlər - Özbəkistan, Tacikistan və Türkmənistan yeni qaçqın axını təhlükəsi ilə üz-üzədir. "Taliban”ın əsas hədəfi nüfuzunun böyük olduğu Tacikistandır. Bu ölkə MDB ən kasıb ölkəsi hesab olunur və Düşənbədə də xoas yaşanacağı ehtimalı az deyil. "Taliban”ın arxasında duran güclər Çinə doğru zolaq yaradırlar və Mərkəzi Asiya bu istiqamətdə əsas hədəfdir. 
 

Digər tərəfdən, "Taliban”ın Mərkəzi Asiyaya keçməsi siyasi islamın ixracı anlamına gəlir. Bölgədə radikal islam hakimiyyətə gələrsə, bunun hansı siyasi təlatümlərə gətirə biləcəyini geniş şərh etməyə ehtiyac yoxdur. Hazırda Vaşinqton üçün Özbəkistan və Qazaxstan prioritetdir. Çünki Orta Asiyanın digər ölkələri - Tacikistan və Qırğızıstan ABŞ üçün birinci dərəcəli maraq kəsb etmirlər. Türkmənistana gəlincə, bu ölkə böyük qaz ehtiyatlarına malikdir və bu qazı Çinə satır. Lakin Türkmənistan da ABŞ üçün xüsusi maraq kəsb etmir. Yeni strategiyanın işlənməsini zəruri edən səbəblərə gəlincə, qeyd etdiyimiz kimi, əvvəllər ABŞ regionda Türkiyənin dəstəyi ilə hərəkət edirdi. Lakin son illər ABŞ-Türkiyə münasibətləri Ankara Moskva ilə yaxınlaşdıqdan və Rusiyadan С-400 sistemləri aldıqdan sonra mürəkkəbləşdi. Ona görə də hazırda amerikalılar Orta Asiya ölkələri ilə birbaşa kontaktlara üstünlük verirlər.

ABŞ ideoloqları dünyanı idarə etmək üçün yeni strategiya yaradıblar. Rusiya-Ukrayna savaşı uzandıqca, Moskvanın resursları tükənir. Lakin Vaşinqton güclənməkdə olan Çini görməzdən gələ bilməz. Hazırda Çinin Orta Asiyada mövcudluğu amerikalıları ciddi narahat edir. Çin Orta Asiya ölkələrinə olduqca böyük investisiyalar yatırıb və ABŞ bu məsələdə Pekinə uduzur.

Bölgədə fəallaşan daha bir ölkə Türkiyədir. Mərkəzi Asiyada Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi Rusiyaya sərf etmir. Bu inteqrasiya prosesi dərinləşəcəyi təqdirdə, Kreml bu regiona təsir mexanizmlərini itirəcəyini anlayır. Türkiyənin Orta Asiyaya yerləşmə ehtimalına Kremldə Rusiyanın sərhədlərində ABŞ və Qərbin peyda olma perspektivi kimi də yanaşırlar. Digər tərəfdən Rusiya ərazilərində türkdilli muxtar qurumlar mövcuddur və Kreml Rusiyanın parçalana biləcəyi ehtimalını da nəzərdən keçirir. 

Mərkəzi Asiya Avropanı Çinlə birləşdirəcək iqtisadi-ticari marşrutun üzərindədir, Azərbaycan da bu müstəvidə ən mühüm oyunçulardan biridir. Əgər bu marşrut reallığa çevrilərsə, Kreml Rusiyanın iştirak etmə ehtimalı zəif olan yeni geoiqtisadi məkanla üzləşə bilər. Kremlin geopolitik iradəsinin Rusiya sərhədləri içərisinə sıxışdırılma təhlükəsi isə tamamilə realdır.

Bu amilə görə, Mərkəzi Asiyada prosesin iştirakçısı olan region dövlətlərinin daxili xaosa sürüklənməsi Rusiyanın da maraqlarına uyğun gəlir. Rusiyanın əleyhinə olan geopolitik prosesləri əngəlləmək üçün ən sərfəli ssenari Mərkəzi Asiyanı xaosa sürükləməkdir. 

Ümumiyyətlə, Mərkəzi Asiya uğrunda amansız mübarizənin davam edəcəyi gözlənilir. Cənubi Qafqaz, Xəzəryanı bölgə və Orta Asiyaya kimin nəzarət edəcəyi taleyüklü məsələdir. Bu regiona nəzarət bütün Avrasiya üzərində hegemonluq vəd edir. Avrasiyaya nəzarət edən süperdövlət isə bütün dünyaya hegemonluq etmək şansı qazanacaq. Bu savaşın artıq həlledici mərhələyə yaxınlaşdığı da şübhə doğurmur. Daha bir amil ondan ibarətdir ki, Rusiya ərazilərində türk mənşəli muxtar qurumların kompakt olması da Kremli narahat edir. Rusiya türk birliyi və anqlosakson-türk ittifaqına qarşıdır. Qeyd etdiyimiz kimi, Mərkəzi Asiyada ən mühüm oyunçulardan biri olan Çin də qonşuluğunda türk birliyinin yaranmasına seyrçi qala bilməz. 
 

Proseslərin təhlili onu göstərir ki, türk birliyi ideyasının əsas müəllifi olan London devrilmiş Mərkəzi Asiya liderlərini edam kötüyünə çıxartmaq niyyətində deyil. Bəzi məlumatlara görə, hakimiyyəti oğluna təhvil verən Arkadağ hakimiyyətdən devrilməsinə baxmayaraq, ölkənin əsas siması olan Elbaşı və Mərkəzi Asiyanın yeganə qeyri-türk ölkəsi olan Tacikistan lideri İmaməli Rahmon hakimiyyəti oğluna ötürüb, Türkiyədə və ya başqa bir ölkədə qurulacaq, şərti olaraq, "türk birliyi mərkəzi”adlandırılacaq qurumda təmsil olunacaq. Mərkəzi Asiya və bölgəni üzdə bu "dərin dövlət” kimi təqdim edilən "turançılar”, əslində isə London idarə edəcək. Londonun təşəbbüsü ilə yaradılan türk birliyinə İran da seyrçi qala bilməz. Bu ideya Cənubi Azərbaycana azadlıq fikrini gücləndirə bilər və odur ki, Tehranın proseslərə müdaxiləsi qaçılmaz görünür. Bu baş verərsə, Avropaya yeni qaçqın axını üz tuta bilər. Ukrayna məsələsində parçalanan Qərb məcburən Rusiya ilə anlaşmalı ola bilər. Bir sözlə, Ukrayna böhranı Mərkəzi Asiya problemi ilə əvəzlənə bilər. Bu isə uzun illər davam edəcək qanlı toqquşmanın xəbərçisidir...

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->