"Oyundan əvvəl qələbə qazanacağımıza inanırdıq. Baş məşqçimiz bizə bu yöndən xeyli motivasiya vermişdi. Bunun sayəsində istəyimizə nail olduq".
Bu sözləri Sport24.az-a açıqlamasında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Arda Əzizli deyib.
O, ötən gün Belarus yığmasına qalib gəldikləri oyun (2:1) haqda fikirlərini bölüşüb:
"Bu, hələ başlanğıcdır. Milli komandanın heyətində debüt oyunuma çıxdığım üçün çox xoşbəxtəm. Baş məşqçimiz Aqil müəllim şans verdikcə, özümü yaxşı tərəfdən göstərəcəm. Zamanla inanıram ki, daha çox vaxt alacam və komandamız üçün daha da məhsuldar olacam.
"Qarabağ"ın müdafiəçisi gələcək hədəflərindən söz açıb:
"Hazırda gələcək hədəflərimdən ən öndə gələni "Qarabağ"ın əsas komandasına dəvət olunmaq və bu formanı tərlətməkdir. İnşallah "Qarabağ"ın qarşıdakı növbəti uğurlarında mənim də payım olar".
Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Şərhlər