Xəbər lenti

Çinin Rusiya-Ukrayna danışıqları ilə bağlı verdiyi bəyanatların pərdəarxası - Məqsəd nədir? (ŞƏRH)
Dünya 16:02 10.05.2025

Çinin Rusiya-Ukrayna danışıqları ilə bağlı verdiyi bəyanatların pərdəarxası - Məqsəd nədir? (ŞƏRH)

"Çinin bəyanatlarına xüsüsusi əhəmiyyət verməyə, illüziyalara qapılmağa dəyməz”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov Çin liderinin Moskvada olarkən Kiyevlə ilkin şərt olmadan danışıqların aparılması vacibliyini vurğulaması və Putinin də buna hazır olduğunu qabartmasına münasibət bildirərkən deyib:

"Çin Rusiya, ABŞ, Avropa, Ukrayna və digərləri ilə çoxvektorlu siyasət və oyun aparır ki, hər kəsdən siyasi-iqtisadi dividendlər və üstünlüklər əldə edə bilsin.
 
Çin Rusiyaya yardım edir və onu dəstəkləyir ki, onu özünə daha sıx şəkildə bağlasın. Eyni zamanda, Çin Avropa və ABŞ-a nümayiş etdirir ki, Rusiya onun üçün bərabərhüquqlu müttəfiq deyil, "kiçik” və asılı tərəfdaşdır. Çin Putinin Tramp ilə münasibətlərini qısqanclıqla izləyir. Məhz buna görə də Si Moskvada olarkən ritorikası kəskin anti-ABŞ səciyyəsi daşıyır. Lakin eyni zamanda Çin Rusiyaya birbaşa silah vermir. Baxmayaraq ki, texnologiyalar təqdim edir və sanksiyaları yan keçməkdə kömək göstərir, çünki o, Ukrayna müharibəsində sülhməramlı və vasitəçi statusunu qorumağa çalışır”. 
 


Ekspert qeyd edir ki, Tramp isə öz ritorikası və vədlərinin girovuna çevrilib -"24 saata müharibəni dayandıracağam” deyən şəxs indi artıq təkcə Avropanı deyil, Çini və Türkiyəni prosesə cəlb etməyə çalışır:

”Çin Trampa Rusiya ilə danışıqlarda irəliləyiş vəd edə bilər, əvəzində isə məsələn, tariflərin azaldılmasını tələb edəcək. ABŞ ilə ticarət müharibələrinə tab gətirə bilmək üçün Çin Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Lakin Avropa da öz növbəsində Çindən Rusiyaya təsir etməyi və müharibənin dayandırılmasına yardımçı olmağı tələb edir”.

Beləliklə, həmsöhbətimizin dediyinə görə, Çin təkcə mürəkkəb bir şahmat oyunu oynamır, eyni zamanda bir neçə şahmat taxtasında paralel partiyalar aparır. 
Bu səbəbdən K. Cəfərov düşünür ki, Çinin bəyanatlarına xüsusi əhəmiyyət verməyə dəyməz:

"Si Szinpin Moskvada olarkən müharibənin dayandırılmasını istəyir, lakin Rusiyanın şərtləri ilə. Avropalılarla görüşdükdə isə, müharibənin bitməsini və Ukraynanın suverenliyini beynəlxalq hüquq çərçivəsində dəstəklədiyini bildirir. Çinin köməyinə dair illüziyalara qapılmağa, ona aldanmağa dəyməz. Çin nə Ukraynanın dostudur, nə də başqasının. Bu, yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur”. 

Qeyd edək ki, Çin sədrinin Si Szinpinin Moskvaya səfəri çərçivəsində Rusiya lideri Vladimir Putinlə Kremldə 7 saat görüşü olub. Bu görüşdən sonra, ÇİN Xarici işlər nazirliyi danışıqlarda Rusiya Ukrayna müharibəsi və sülhün əldə edilməsi istiqamətində müzakirələrin aparıldığını qeyd edib. Çin sədri ilkin şərt olmadan danışıqların aparılması və ədalətli sülh müqaviləsinin bağlanmasını vurğulayıb. Putin də ilkin şərt olmadan danışıqlara hazır olduğunu vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->