Alimlər Mərcan dənizində 110-dan çox yeni dərin dəniz canlı növü aşkar ediblər və bu sayın 200-dən çox ola biləcəyi ehtimal edilir. Bu canlılar ötən ilin sonlarında "Investigator” gəmisindəki tədqiqatçılar tərəfindən Avstraliyanın şimal-şərq sahillərində yerləşən Mərcan dənizi parkında 2–3 min metr dərinlikdə tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avstraliya Milli Elmi Agentliyi CSIRO bəyanat yayıb, məlumatı "The Independent” çatdırıb.
Alimlərin sözlərinə görə, Sakit okeanın cənub hissəsində yerləşən bu ərazi təxminən bir milyon kvadrat kilometr sahəni əhatə edir və əsasən tədqiq olunmamış dərin dəniz mühitlərindən ibarətdir.
Araşdırma zamanı alimlər "Investigator” gəmisinin dərin dəniz kamerası ilə çəkilmiş görüntülərdə zəngin canlı müxtəlifliyini müşahidə ediblər. Kadrlarda nadir qum pələngi köpəkbalığı da yer alıb. Bu növ məşhur "dayə köpəkbalığı”nın dərin dəniz qohumu hesab olunur.
"Bu inanılmaz kəşflər "Investigator” ekspedisiyalarının köməyi ilə müəyyən edilən yeni növlərin artan siyahısına əlavə olunur və Avstraliya okeanlarının fövqəladə biomüxtəlifliyinin qorunması üçün mühüm əhəmiyyət daşıyır”, deyə CSIRO Milli Dəniz Mərkəzinin direktoru Toni Mout bildirib.
Mərcan dənizinin dərinliklərində elmə məlum olmayan yüzlərlə canlı tapılıb: onlar nəyi gizlədir
Son həftələr Avstraliyanın müxtəlif bölgələrində keçirilən seminarlar zamanı tədqiqatçılar toplanmış nümunələrin böyük hissəsini identifikasiya ediblər. Bunlar arasında iki skat və bir dərin dəniz pişik köpəkbalığı da var.
"Bu seminarlar, ehtimal ki, Avstraliya tarixində dəniz canlılarının taksonomik təsnifatı üzrə ən böyük tədbirlərdən biri olub. Onlar həmçinin dəniz ulduzları, dəniz anemonları, süngərlər və xərçəngkimilər kimi bir sıra yeni növlərin aşkar edilməsinə imkan verib”, deyə CSIRO-nun baş tədqiqatçısı Vilyam Vayt deyib.
Toplanan nümunələr ölkə üzrə müxtəlif kolleksiyalarda, o cümlədən CSIRO-nun Avstraliya Milli Balıq Kolleksiyasında və dövlət muzeylərində saxlanılır.
"Bu nümunələrin milli muzey kolleksiyalarında qorunması onların gələcək nəsillər tərəfindən də öyrənilməsinə imkan yaradır və Avstraliya dəniz biomüxtəlifliyinin daha dərindən anlaşılmasına zəmin yaradır”, deyə CSIRO alimlərindən Kandis Untyedt bildirib.
Aydın
Şərhlər