Yerli amerikalılar 12 min ildən çox əvvəl zarları icad edərək arxeoloqlara dünyanın ən qədim qumar oyunları və bəlkə də ehtimal nəzəriyyəsinin ən erkən istifadəsini təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, "Live Science” nəşrinin yazdığına görə, bu tapıntılar həm də ehtimal nəzəriyyəsinin ən erkən tətbiqlərindən biri hesab oluna bilər.
Kolorado Dövlət Universitetinin arxeoloqu Robert Madden bildirib ki, Şimali Amerikada qumar oyunlarının tarixi çox qədimdir və bu sahədəki sübutlar Köhnə Dünyadakı analoji nümunələrdən təxminən 6 min il daha qədimdir.
Tədqiqat "American Antiquity” jurnalında dərc olunub. Alim ABŞ-ın qərbində yerləşən 45 arxeoloji ərazidən əldə edilmiş, yaşı 13 min ildən 450 ilə qədər olan 600-dən çox oyun zəri dəstini araşdırıb. Nəticələr göstərib ki, bu cür oyun alətləri Qayalı dağların hər iki tərəfində geniş yayılıb.
Qədim oyunların xüsusiyyətləri
Araşdırmaya görə, həmin dövrdə qumar oyunlarının məqsədi müasir dövrdən fərqli olub. Bu oyunlar əsasən sosial əlaqələrin qurulmasına və resursların bölüşdürülməsinə xidmət edib. Məlumatlara əsasən, oyunlarda daha çox qadınlar iştirak edib.
Alim qeyd edir ki, bu oyunlar "təsadüf və qeyri-müəyyənlik anlayışları ilə strukturlaşdırılmış insan qarşılıqlı əlaqəsinin ilk nümunələrindən biridir” və yüksək intellektual inkişaf səviyyəsini göstərir.
Tədqiqat zamanı alimlər yüz il əvvəl yazılmış "Şimali Amerika hindularının oyunları” adlı əsərə də istinad ediblər. Burada oyun zərləri "ikili püşkatma vasitələri” kimi təsvir olunur – bir tərəfi işarəli, digər tərəfi isə boş olan obyektlər kimi. Bu zərlər bəzən birlikdə atılaraq daha mürəkkəb nəticələr əldə edilirdi.
Sosial inteqrasiya vasitəsi
Maddenin sözlərinə görə, bu oyunlar əsasən əhali hərəkətliliyinin yüksək olduğu sərhəd bölgələrində yayılıb. Bu isə onların müxtəlif qruplar arasında ünsiyyət qurmaq, mübadilə aparmaq və sosial gərginliyi azaltmaq üçün istifadə edildiyini göstərir.
Ən qədim nümunələr ABŞ-ın Vayominq, Kolorado və Nyu-Meksiko ştatlarında yerləşən və təxminən 12 900 il əvvələ aid olan Folsom mədəniyyətinə məxsusdur. Bu icmalar ovçu-yığıcı həyat tərzi keçirir və qiymətli daşlara böyük maraq göstərirdi.
Alim ehtimal edir ki, qumar oyunları bu icmalar arasında qiymətli materialların mübadiləsini asanlaşdırıb. Bu oyunlar çox vaxt iki nəfər arasında keçirilir və nəticələr zamanla təxminən bərabər – 50/50 ehtimalına yaxın olurdu.
Elmi əhəmiyyəti
Tədqiqatın ən mühüm nəticələrindən biri odur ki, bu cür oyun alətləri Avrasiyada aşkar edilən analoqlardan minilliklər əvvəl mövcud olub. Avrasiyada qumar zərləri təxminən 5 500–7 000 il əvvəl Mesopotamiya, Hind vadisi və Qərbi Qafqazda ortaya çıxıb.
Tədqiqatçılar hesab edir ki, bu fakt təsadüf və ehtimal anlayışlarının insan cəmiyyətində yaranmasının daha qədim və geniş coğrafiyada baş verdiyini göstərir.
Aydın
Şərhlər