İspanaq allergiya və böyrək xəstəlikləri zamanı təhlükəli ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya qastroenteroloq Evgeni Belousov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ispanağın tərkibində olan oksalat turşusu orqanizmdə kalsiumla birləşərək həll olunmayan kalsium oksalat kristallarını əmələ gətirə bilər ki, bu da böyrək daşlarının əsasını təşkil edir.
Həkim qeyd edib ki, sidik daş xəstəliyi, hiperoksaluriya (sidikdə oksalat duzlarının artması) və digər böyrək xəstəlikləri olan şəxslər ispanaq qəbulunu məhdudlaşdırmalı və ya yalnız termik emaldan sonra istifadə etməlidirlər. Qaynatma oksalat turşusunun miqdarını 30–87% azaldır.
Ekspert həmçinin ispanağa qarşı allergiya riskinə də diqqət çəkib. Bu hal nadir hallarda müşahidə olunur və daha çox bitki mənşəli zülallara həssaslığı olan insanlarda rast gəlinir. Belə hallarda məhsul dəridə qaşınma, şişkinlik və ürəkbulanma yarada bilər.
Bununla yanaşı, həkim ispanağın əksər insanlar üçün faydalı qida məhsulu olduğunu vurğulayıb. O, göz tor qişasında toplanaraq onu ultrabənövşəyi şüalanmadan qoruyan lutein və zeaksantin adlı karotinoidlərin ən yaxşı mənbələrindən biri hesab olunur.
"Bu maddələr həmçinin katarakta və yaşla bağlı makula degenerasiyası kimi yaşlılarda görmə itkisinə səbəb olan xəstəliklərin riskini azalda bilər", deyə Belousov izah edib.
Qastroenteroloq əlavə edib ki, ispanağın 100 qramında təxminən 2,2 qram qida lifləri var. Onun sözlərinə görə, liflər bağırsaqların normal fəaliyyətini dəstəkləyir, qəbizliyin qarşısını alır və sağlam mikrofloranın formalaşmasına kömək edir. Bundan əlavə, qlükozanın sorulmasını ləngidir ki, bu da insulin rezistentliyi və 2-ci tip şəkərli diabeti olan insanlar üçün faydalı ola bilər.
Aydın
Şərhlər