Robin Tomson həyat yoldaşı ilə birlikdə, anasının quduzluq xəstəliyindən ölümündən sonra Kambocada minlərlə iti peyvənd edib. İndi cütlük hər il xeyriyyə missiyası üçün yeni bir ölkəyə səfər etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, qadının hekayəsi "The Guardian” nəşrində işıqlandırılıb.
Kiçik bir cızıq və ağır nəticələr
Robinin anası İvonn Ford Mərakeşdə tətildə olarkən bir küçüklə oynayarkən kiçik bir cızıq almış, lakin buna əhəmiyyət verməmişdi. O, bu oyunun ağır nəticələrə gətirib çıxaracağını ağlına belə gətirmirdi.
Bir neçə ay ərzində İvonnun heç bir xəstəlik əlaməti yox idi. Lakin sonradan onda qrip bənzəri simptomlar, baş ağrısı və qızdırma yarandı. Daha sonra 59 yaşlı qadın yerimək və yemək yemək qabiliyyətini itirdi.
Özü ixtisasca tibb bacısı olan Robin və həkimlər anasının başına nə gəldiyini əvvəlcə anlaya bilmədilər. Lakin qadına quduzluq diaqnozu qoyulanda artıq onu xilas etmək şansı qalmamışdı.
Qlobal problem və Robinin andı
İvonn 2000-ci ildə Böyük Britaniyada quduzluqdan ölan yeddinci şəxs oldu. Dünyada isə bu göstəricilər qat-qat yüksəkdir – bu sağalmaz xəstəlikdən ildə təxminən 60 min insan tələf olur. Anasının xatirəsinə Robin bu rəqəmi 2030-cu ilə qədər sıfıra endirəcəyinə and içib.
İvonnun vəfat etdiyi xəstəxananın yoluxucu xəstəliklər şöbəsi Robinə xeyriyyə missiyası həyata keçirməyi təklif etdi. Onlar quduzluğun yayıldığı ölkələrə səyahət etmək və yerli itləri peyvəndləmək qərarına gəldilər.
"Bu, dünyanın digər ucundadır. Siz bunu qəzetlərdə və ya televiziyada görmürsünüz. Sizə təsir etmir, ona görə də vecinizə deyil. Amma bu, haradasa insanlara təsir edir və biz məhz buna görə bu işi görürük", – deyə Robin izah edib.
Kambocada böyük missiya
Robin, həyat yoldaşı Endryu və tibbi komandanın ilk dayanacağı Kamboca oldu. Onların məqsədi quduzluq virusunun ötürülmə dövrünü qırmaq üçün yerli it populyasiyasının 70%-ni peyvəndləmək idi.
Könüllülər gündə 10 min iti peyvənd edirdilər. Bütün missiya boyu ümumilikdə yarım milyona yaxın it peyvəndləndi. İndi cütlük bunu illik ənənəyə çevirməyi və hər il yeni bir ölkədə itləri peyvənd etməyi planlaşdırır.
"Həm Robin, həm də Endryu hamımız üçün ilham mənbəyi oldular. Onlar yorulmadan çalışdılar və xeyriyyə təşkilatı üçün böyük bir dəyər oldular", – deyə xəstəxananın icraçı direktoru Lyuk Qembl qeyd edib.
Vacib qeyd: Quduzluq simptomlar büruzə verdikdən sonra 100% ölümcül olan yeganə xəstəlikdir. Heyvan tərəfindən dişləndikdə və ya cızıldıqda dərhal (simptomları gözləmədən) peyvənd olunmaq həyat qurtarır.
Alpər
Şərhlər