Xəbər lenti

61 ildir eyni məktəbdə çalışır: Şagirdi müəllim oldu, ondan əvvəl təqaüdə çıxdı
Dünya 20:57 04.01.2026

61 ildir eyni məktəbdə çalışır: Şagirdi müəllim oldu, ondan əvvəl təqaüdə çıxdı

Tam 61 il 43 gün boyunca eyni məktəbdə işləyən müəllim dünya rekorduna imza atıb. Maraqlısı odur ki, bir dövr şagirdi olmuş gənc illər sonra onun həmkarı olub və hətta ondan əvvəl təqaüdə çıxıb...

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Tennessi ştatında yaşayan müəllim Qlenda Akin təhsil sahəsində nadir bir uğura imza atıb. Akin eyni məktəbdə ən uzun müddət işləyən qadın müəllim olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

84 yaşındakı Akin Vestmoreland Liseyində tam 61 il 43 gün işləyib. Müəllimlikdən kitabxanaçılığa qədər uzanan bu uzun karyera məktəb rəhbərliyi tərəfindən mənalı bir jestlə qeyd olunub: liseyin kitabxanasına onun adı verilib.

Peşəsinə olan bağlılığını hər fürsətdə ifadə edən Akin məktəblə qurduğu bağı belə izah edib: "İşimə hər zaman çox sevgi ilə yanaşmışam. Məktəb icması mənim üçün bir ailəyə çevrildi".

Yarım əsrdən çox karyerası boyunca saysız-hesabsız şagirdə müəllimlik edən Akin bir çox nəsilin həyatına toxunub.

Qlenda Akinin karyerası sanki müasir tarixin xülasəsi kimidir. 1963-cü ildə, ABŞ prezidenti Cohn F. Kennediyə sui-qəsddən bir neçə ay əvvəl işə başlayan Akin, qara lövhə dövründən kompüterlərin siniflərə girməsinə, oradan da ağıllı telefon dövrünün başlanğıcına şahid olub. Təcrübəli müəllim texnologiya ilə bağlı fikrini belə ifadə edir: şagirdlərin məktəbdə olarkən telefonlarını bir kənara qoymaları daha faydalı olar.

Akinin sabit karyerası diqqətçəkən bir məqamı da ortaya çıxarıb. Təcrübəli müəllim bir dövr şagirdi olmuş gəncin böyüyüb eyni məktəbdə müəllimliyə başlamasını və hətta ondan on il əvvəl təqaüdə çıxmasını görməyin onun üçün unudulmaz bir təcrübə olduğunu deyir.

Rəsmi olaraq təqaüdə çıxmasına baxmayaraq, Qlenda Akin hələ də olduqca aktivdir. Yerli yaşlılar təşkilatlarında fəaliyyət göstərən Akin, binqo oynayır, yerli kitabxanada və kilsə kitabxanasında könüllü işlərini davam etdirir. Həyata baxışını belə ifadə edir: "Hələ ki, küncə çəkilib təslim olmağa niyyətim yoxdur. Hərəkət etməyə davam etmək istəyirəm".

Aydın

--> -->