Azərbaycanda bir çox sabiq vəzifə sahibləri var ki, onlar müxtəlif cinayət əməllərində suçlanıblar. Bir çoxları qanunsuz əməllərinə görə, artıq məsuliyyətə cəlb olunsalar da, hazırda barələrində məhkəmə işinin davam etdiyi yüksək vəzifəlilər də vardır.
Bizim.Media məhkəmə işi davam edən yüksək vəzifəli məmurları araşdırıb:
Səlim Müslümov
Bu cür məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Onun cinayət işi üzrə məhkəmə prosesi hələ ki, davam edir. Onunla bağlı məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Məsum Rəsulov və Ehtiram Xəlilov
Gömrük işi üzrə keçən ilin yayında saxlanılan Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun da istintaq işi davam edir.
Bu günlərdə onlar ev dustaqlığına buraxılıblar. Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər. Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam edir.
Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilir.
Mənsur Əsgərov
Keçən ilin sonlarında həbs edilən artıq ləğv olunan Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov 132 milyon manatə vəsaiti mənimsəməkdə şübhəli bilir.
İlkin istintaq zamanı 4 ay müddətinə azadlıqdan məhrum edilən M.ƏSgərovun həbs müddəti, martın 18-də daha 3 ay uzadılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Rafael Əliyev
Naxçıvanın maliyyə naziri Rafael Əliyev də ötən ilin payızında külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 144 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən sabiq nazirin də məhkəmə işi davam edir.
Hicran Rüstəmov
Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmov isə 212 milyon 361 min manatı mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, bu, müstəqillik dönəmində qeydə alının ən yüksək məbləğdə mənimsəmə faktıdır. İlk olaraq 4 ay müddətinə azadlıqdan məhrum edilən Rüstəmovun həbs müddəti aprelin 9-da daha 3 ay uzadılıb.
Elnur Əliyev
2022-ci ilin noyabrın əvvəlində Mədəniyyət nazirinin keçmiş birinici müavini Elnur Əliyev də istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. Onun barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib, istintaq davam edir.
Qeyd edək ki, Elnur Əliyevlə yanaşı Mədəniyyət Nazirliyində aparılan əməliyyatlar nəticəsində Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.
Şərhlər