Endirimli qiymət etiketləri cəmiyyətdə narazılıq doğuran məsələlərdən biridir. Alıcı mağazaya daxil olan kimi diqqətini vitirində qoyulan endirimli məhsullar cəlb edir. Kassaya yaxınlaşanda isə yanıldığını görür. Məlum olur ki, endirimdə olan məhsulların üstündəki qiymət etiketi görüntüdən başqa bir şey deyil.
Məsələn, elə bu günlərdə marketlərin birində belə bir fakt aşkarlanıb. Alıcı 1 manat 59 qəpiyə təklif olunan "pryaniki" götürüb kassaya yaxınlaşanda 1 manat 79 qəpik pul çıxılıb. Müştəri buna etiraz etsə də, kassir onunla razılaşmayıb.
Bəs, müştəri endirimli məhsulların üzərindəki etiketlərin üstündə qeyd olunan qiymətin hansını ödəməlidir?
Marketoloq Pərviz Əzimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, alıcı endirimli məhsulun üstündəki etiketlərdə qeyd olunan məbləği ödəməlidir:
"Bu əslində texniki xəta hallarıdır. Marketin xüsusi olaraq bunu qəsddən etmək kimi bir niyyəti yoxdur. İstehlakçı hüquqlarının müdafiəsi hesab edir ki, alıcı kassada məhsulun üstündə gördüyü qiyməti tələb etsin. Müştərinin həmin qiyməti tələb etmək hüququ var".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hesab edir ki, bu istehlakçı hüquqlarının pozulmasıdır:
"Bu süni qiymət artımıdır və bunu bilərəkdən edirlər. Bundan başqa qiymətlərdə aldatma halları mövcuddur. Birliyə edilən şikayətlərə baxsaq, vətəndaş marketdə göyərti satılan vitirindən 78 qəpiyə badımcan alıb, amma kassada 26 manata ekzotik meyvənin, qabıqlı qoza ləpənin qiyməti vururlar. Məsələn, bu yaxınlarda bir şikayət gəlmişdi, məni lap təəccübləndirdi. Jurnalist Akif Nəsirli kartdan ödəniş edib. Məsələn, kassa çekində 20 manat göstərir, ancaq telefona bankdan gələn bildirişə baxanda görüb ki, 40 manat çıxılıb. Bu da başqa bir aldatma üsüludur. Bəzən çekə hətta almadıqları malları vururlar".
Eyyub Hüseynov hesab edir ki, bu gün biznes qurumlarına rahat şərait yaradılıb:
"Onlar da alıcıları soymaqla məşğuldur. Belə halda istehlakçı vitirində həmin məhsulun fotosunu çəkməli və qaldırılmış qiyməti əks etdirən kassa çekini tələb etməlidir. Sonra onları Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərməli və orada yoxlamaların aparılmasına nail olmalıdır. Yaxud da iradını bildirib endirimli qiyməti ödəmək hüququ var".
Bahar Rüstəmli
Şərhlər