"Makron çox vaxt imkanlarından böyük işlərə girişir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
"Davam edən Rusiya-Ukrayna müharibəsi artıq elə bir mərhələdədir ki, hansısa vasitəçinin ortalığa düşüb nəyəsə nail olması mümkün deyil. Makron çox vaxt imkanlarından böyük işlərə girişir", deyə Azər Qasımov bildirib.
Ekspert qeyd edir ki, Putinin ona olan münasibətini bildiyi halda Makronun onunla əlaqə yaratması nəticəyə hesablanmış addım yox, özünü əhəmiyyətli siyasi fiqur obrazında göstərməkdən başqa bir şey deyil:
"Hələ pandemiya dövründə Putinin Makronu heç salamlamadan xeyli uzaqda, stolun qarşı tərəfində oturtması yaddan çıxmayıb. Putin hazırda Qərbə yanaşmada Tramp və Ərdoğandan başqa heç bir siyasi fiqur tanımır. O, bunu da məcburiyyətdən edir. Çünki başladığı işğalçılıq siyasəti onu elə bir duruma salıb ki, başqa çıxış yolu yoxdur".
Həmsöhbətimizin fikrincə, Rusiya çöksə belə, Putin geri çəkilənə oxşamır:
"Rusiyanın ambisiyaları onun imkanları ilə üst-üstə düşmür. Amma geri çəkilmək də məğlubiyyətə bərabər haldır. Rusiya batsa belə, Putin geri çəkilməyəcək. Ona görə də Makronun bunu bilə-bilə Putinlə nəyisə müzakirə etməsi sadəcə olaraq, görüntü xatirinədir".
Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayıb. Bu 2022-ci ilin sentyabrından bəri tərəflər arasında baş tutan ilk əlaqədir.
Telefon danışığı zamanı iki lider Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə ediblər.
Rüfət Sultan
Şərhlər