Xəbər lenti

Maduro ABŞ-dakı məhkəmədə özünü günahkar bilmədi:
Siyasət 23:11 05.01.2026

Maduro ABŞ-dakı məhkəmədə özünü günahkar bilmədi: "Mən dürüst adamam"

Bu gün, 5 yanvar tarixində Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ-ın Nyu York şəhərində federal hakim qarşısına çıxarılıblar. 

Qaynarinfo "The New York Times” nəşrinə istinadla xəbər verir ki, onlar narkotrafik və digər cinayətlərdə ittiham olunurlar.

Məhkəmədəki ilk çıxışı zamanı Maduro günahını inkar etdiyini bəyan edib:

"Mən Venesuela prezidentiyəm. Özümü hərbi əsir hesab edirəm. Mən dürüst adamam. Məni Karakasdakı evimdə ələ keçiriblər", - deyə o, məhkəmədə bildirib.

Hakimin suallarını cavablandıran Maduro qeyd edib ki, məhkəməyə gələnə qədər ittihamnaməni görməyib və hüquqlarını bilmir. Nəşr vurğulayır ki, devrilmiş prezident və xanımı Karakasda ABŞ-ın hərbi əməliyyatı nəticəsində ələ keçirildikdən cəmi iki gün sonra məhkəməyə gətiriliblər. Bu səbəbdən Maduronun müdafiə tərəfinin dinləmələrə hazırlaşmaq üçün kifayət qədər vaxtı olmayıb.

Hakim ittihamnaməni oxumağı təklif etsə də, Maduro sənədi şəxsən oxumağa üstünlük verdiyini bildirib. Əvvəllər "WikiLeaks”in qurucusu Culian Assanjı təmsil etmiş vəkil Barri Pollak vurğulayıb ki, Maduro irəli sürülən dörd ittihamın heç biri üzrə özünü təqsirli bilmir.

Pollak əlavə edib ki:

Hazırda Maduronun girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırmayacaq, lakin bunu gələcəkdə edə bilər.

Maduronun suveren dövlət başçısı kimi rolu ilə bağlı vəsatətlər verə bilər.

Devrilmiş prezidentin hərbi yolla qaçırılmasının qanuniliyi ilə bağlı suallar mövcuddur.

Hakim növbəti məhkəmə iclasının 17 mart tarixinə təyin olunduğunu elan etdikdən sonra təqsirləndirilən şəxslər zaldan çıxarılıblar.

Qeyd edək ki, bu hadisə beynəlxalq hüquq müstəvisində çox nadir hallardan biridir — ABŞ başqa bir ölkənin dövlət başçısını hərbi əməliyyatla ələ keçirərək öz ərazisində mühakimə edir. Bu, həm də Donald Trampın xarici siyasətdəki kəskin addımlarının bir hissəsi kimi qiymətləndirilir.

Alpər
--> -->