"Avropa ilə Amerika arasında konsolidasiya olmayınca, Ukraynaya təhlükəsizlik zəmanətilə bağlı "istəklilər koalisiyası”nın imzaladığı Paris Bəyannaməsinin sülh prosesinin gedişinə heç bir real təsiri olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev "istəklilər koalisiyası”nın Ukrayna ilə bağlı Paris sammitində imzaladığı bəyannamənin sülh prosesinə təsirini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, prosesin gedişində əsas rolu ABŞ oynayır:
"Prosesdə aparıcı aktor ABŞ ola bilər. Ancaq Vaşinqton bunun üçün iradə nümayiş etdirməlidir. Yəni demək istəyirəm ki, nə qədər Avropa ilə ABŞ arasında konsolidasiya yoxdur, Parisdə Fransa, Böyük Britaniya və Ukrayna liderləri arasında imzalanan bəyannamənin Ukrayna ilə bağlı sülh prosesinin gedişinə hər hansı bir real təsiri olmayacaq. Rusiya Avropanı vecinə almır. Avropa isə ABŞ olmadan bu məsələdə təkbaşına hansısa bir uğura çətin ki, imza ata bilsin. Ona görə də deyərdim ki, indiki halda imzalanan bu bu təhlükəsizlik bəyannaməsi, əksinə, Rusiyanın sülhə cəlb olunmaqdan daha çox, onun prosesdən uzaqlaşması və müharibəni davam etdirməsinə bəhanə verə bilər”.
Həmsöhbətimiz sözügedən məsələdə hətta Avropa ölkələri daxilində birliyin olmadığı qənaətindədir:
"Ukrayna müharibəsilə bağlı hələlik Avropa ilə ABŞ arasındakı mövqelərdə ciddi fərqlər var. ABŞ bu müharibədə fərqli strateji hədəf və məqsədlər güdür. Avropa üçünsə Ukrayna məsələsi həm təhlükəsizlik məsələsidir, həm də onlar da öz dövləti maraqlarını güdürlər. O baxımdan, Rusiya-Ukrayna müharibəsi "İstəklilər koalisiyası” üçün ayrı məna kəsb edir. Onlar bilirlər ki, Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi, Avropa üçün də ekzistensional təhlükə yaradır. Ona görə də Avropa ABŞ olmadan da müdafiə imkanlarını artırmağa çalışır. Ancaq bu məsələdə də Avropa ölkələri arasında mövqe yaxınlığı zəifdir. Onlar bir tərəfdən sanksiyalardan danışır, digər tərəfdən də Rusiya ilə əlaqələri də qalmaqdadır, ona nəfəslik yaradırlar”.
Konfliktoloq düşünür ki, Rusiya-Ukrayna müharibəsinin həllində çıxış yolu NATO-Rusiya danışıqlarından keçir:
"NATO şərqə genişlənməkdən əl çəkməli, Rusiya da öz növbəsində dövlətlərin, özəlliklə də Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq öhdəliyi götürməlidir. Çünki müharibə bu səbəblə başlamışdı. Yaxud da Avropa gerçəkdən Ukraynaya substantiv dəstək verməli, ikili oyun oynamamalıdır. Yalnız ABŞ-Avropa konsolidasiyası şəraitində Rusiyanı durdurmaq mümkün olacaq. Əks təqdirdə, hələ üfiqdə sülhü görməyəcəyik. Belədə, "könüllülər koalisiyası”nın imzaladığı bəyannamənin də sülh prosesinə heç bir təsiri olmayacaq”.
Qeyd edək ki, yanvarın 6-da Parisdə Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıblar.
Sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb. Bəyannamədə, müharibədən sonra Ukraynada çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Hansı ki, sənədə əsasən bu qüvvələr Ukraynanın suverenliyi, ərazi bütövlüyü, postmünaqişə sabitliyini təmin edəcək, eskalasiyanın qarşısını alacaq və təhlükəsizlik zəmanətlərini gücləndirəcək. Həmin qüvvələrin mandatı, hüquqi statusu, komanda-idarəetmə mexanizmləri barədə isə əlavə razılaşmalar hazırlanacaq.
Rüfət Sultan
Şərhlər