Xəbər lenti

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? (VİDEO)
Video 09:55 30.03.2026

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? (VİDEO)

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.

Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.

Nəqliyyat vasitəsinin sahibi nömrənin oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün ərazi polis orqanına müraciət etməlidir. "Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış nömrə tapıldıqda, o ilk olaraq sonuncu sahibinə təklif edilir.

Lakin nömrə tapılmadıqda sürücünü uzun və yorucu prosedur gözləyir. Bu halda avtomobil üçün tamamilə yeni qeydiyyat nişanı alınmalı, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) dəyişdirilməlidir.
 
--> -->