Xəbər lenti

İnsanı və ya inəyi asanlıqla uda bilər: Dünyanın ən uzun ilanı hansıdır?
Dünya 23:43 29.03.2026

İnsanı və ya inəyi asanlıqla uda bilər: Dünyanın ən uzun ilanı hansıdır?

Yer üzündə artıq titanoboa və ya vasuki kimi nəhəng ilanlar yaşamasa da, bu gün də kifayət qədər böyük nümunələrə rast gəlinir.

Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşri "İbu Baron" ("Baronessa” – İndoneziya dilində) adlı ilan haqqında məlumat verib. Bu, uzunluğu 7,22 metr olan torlu pitondur və Ginnesin Rekordlar Kitabına görə, dünyada qeydə alınmış ən uzun vəhşi ilan hesab olunur.

Bildirilir ki, bu ilan insanı və buzovu, hətta yetkin inəyi belə asanlıqla uda bilər. Onun uzunluğu demək olar ki, London avtobusu ilə müqayisə olunur.

Nəşrin məlumatına görə, "İbu Baron"un çəkisi təxminən 96,5 kiloqramdır, lakin bu göstərici ac qarına ölçülüb. Ekspertlər hesab edirlər ki, real çəkisi 100 kiloqramdan çoxdur.

Həmçinin qeyd olunur ki, dünyada ən uzun ilanın məhz torlu piton olması təəccüblü deyil. Bu növün nümayəndələri orta hesabla 6 metrə qədər böyüyür.

Torlu pitonlar zəhərli deyil, lakin çox güclü əzələlərə malikdirlər. Onlar ovlarını sıxaraq boğur və bu yolla öldürürlər.

Nəşrdə vurğulanır ki, torlu pitonlar insanlar üçün də təhlükəlidir. Xüsusilə İndoneziya və Filippində bu ilanların insanları bütöv şəkildə udduğu onlarla hal qeydə alınıb. Pitonlar həm əti, həm də sümükləri həzm edə bilir.

Daha əvvəl "IFLScience" yazmışdı ki, tarixdən əvvəlki dövrlərdə Yer üzündə ölçüləri yük maşını ilə müqayisə olunan ilanlar mövcud olub. Paleontoloqların sözlərinə görə, ən böyük ilanların uzunluğu 14–15 metrə, çəkisi isə bir tondan çoxa çatıb.

Bu nəhənglərdən biri təxminən 60 milyon il əvvəl yaşamış "Titanoboa cerrejonensis"dir. Onun qalıqları 2000-ci illərin əvvəlində "Smithsonian" Tropik Tədqiqat İnstitutu və Florida Universitetinin alimləri tərəfindən Serrexon kömür mədənlərində aşkar edilib.

2024-cü ildə alimlər Hindistanda təxminən 47 milyon il əvvəl yaşamış daha bir nəhəng ilan – "Vasuki indicus" barədə məlumat veriblər. Paleontoloq Debajit Datta bildirib ki, tapılan ən böyük fəqərənin eni 11 santimetr olub. Modelləşdirməyə əsasən, bu ilanın uzunluğu 11–15 metr arasında, hətta potensial olaraq titanoboanı da keçə bilərdi.

Aydın

--> -->