Rusiya Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqlarında hər hansı güzəşti rədd edir. Kreml kompromisə getməyəcəyini, Ukraynada sülhməramlıların yerləşdirilməsini qeyri-mümkün saydığını və atəşkəsin danışıqlar yolu ilə əldə olunması ehtimalını istisna etdiyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin hesabatında
deyilir.
6 martda Rusiyanın prezidenti Vladimir Putin Moskvadakı "Vətən Müdafiəçiləri" Fondunun bölməsinə səfəri zamanı Rusiyanın "güzəştə getməyəcəyini" və elə sülh şərtlərinə nail olmağı hədəflədiyini vurğulayıb ki, bu, ölkəyə uzunmüddətli təminatlar versin.
"Putin 2025-ci ili "Vətən Müdafiəçisi İli" elan edib ki, bu da Ukraynaya qarşı aparılan müharibənin dəstəklənməsi və səfərbərlik səylərinin göstəricisidir.
O, həmçinin bəyan edib ki, Rusiya gələcək sülh danışıqlarında "öz" ərazilərindən imtina etməyəcək, bununla qanunsuz ilhaq edilmiş Ukrayna torpaqlarını nəzərdə tutur", - hesabatda deyilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı Moskvanın Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı hər hansı təşəbbüsü nəzərdən keçirməyəcəyini bildirib. Onun sözlərinə görə, belə addımlar NATO qüvvələrinin yerləşdirilməsi ilə eyniləşdiriləcək və bu da Rusiyanın onları Alyansın müharibədə birbaşa iştirakı kimi qiymətləndirməsinə səbəb olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da vurğulayıb ki, Ukraynaya cəbhədə "fasilə" verməyə səbəb ola biləcək istənilən təklif Kreml üçün qəbuledilməzdir.
Bundan əlavə, Lavrov Rusiyanın müharibənin guya "əsas səbəblərinin" nəzərə alınmasında israr edəcəyini bildirib. O, bunlar arasında NATO-nun genişlənməsinin dayandırılması və Rusiya üçün təhlükəsizlik təminatlarının verilməsini qeyd edib. Lavrov bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp guya bu tələbləri başa düşür, Avropa ölkələri isə onları görməzdən gəlir.
Lavrov bəyan edib ki, Ukraynadakı müharibə ilə bağlı hər hansı sülh razılaşması NATO-nun genişlənməni dayandıracağı və Ukraynanı "udmaq" niyyətindən əl çəkəcəyi təminatlarını əhatə etməlidir.
Lavrov iddia edib ki, ABŞ prezidenti Donald Tramp bu "əsas səbəblərin" aradan qaldırılmasının zəruriliyini "başa düşür", halbuki Avropa ölkələri bunu görməzdən gəlir.
"Rusiya rəsmiləri tez-tez "əsas səbəblər" konsepsiyasına istinad edərək, NATO-nun açıq qapı siyasətindən imtina etməsinə dair tələblərini vurğulayır və Qərbi, habelə Ukraynanı Putinin Ukraynaya hücum qərarına görə günahlandırmağa çalışırlar", - daha sonra qeyd edilir.
Alpər
Şərhlər