Xəbər lenti

Konqo Azərbaycanın şəhərsalma təcrübəsindən faydalanmaq niyyətindədir
Ölkə 10:31 17.05.2026

Konqo Azərbaycanın şəhərsalma təcrübəsindən faydalanmaq niyyətindədir

Azərbaycan şəhərsalma sahəsində mühüm inkişaf modeli formalaşdırır.

Bunu Konqo Demokratik Respublikasının Şəhərsalma və Mənzil Təsərrüfatı naziri Alexis Gisaro WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

Nazir bildirib ki, ölkəsində şəhərsalma və mənzil sahəsində ciddi problemlər mövcuddur və bu səbəbdən planlı urbanizasiya əsas prioritetlərdən biridir.

"Konqo Demokratik Respublikasında təxminən 100 milyon əhali yaşayır və şəhərsalma ilə bağlı çağırışlar çox böyükdür. Biz daha yaxşı planlaşdırılmış, düşünülmüş və idarə olunan urbanizasiya istəyirik. Bir çox Afrika şəhərlərində müşahidə olunan nizamsız urbanizasiyaya son qoymaq istəyirik”, – deyə o bildirib.

O əlavə edib ki, WUF13-də iştirak etmək digər ölkələrin təcrübəsindən faydalanmaq baxımından mühüm fürsətdir:

"Biz Bakıya ona görə gəlmişik ki, uğurlu nümunələri öyrənək. Bakı son illərdə böyük inkişaf yolu keçib və biz həm buradakı, həm də Nairobi kimi şəhərlərdə gördüyümüz təcrübələrdən faydalanmaq istəyirik”, – deyə nazir vurğulayıb.

Alexis Gisaro bildirib ki, Azərbaycan şəhərsalma sahəsində mühüm inkişaf modeli formalaşdırır:

"Burada gördüyümüz inkişaf göstərir ki, Azərbaycan şəhərsalma sahəsində getdikcə daha böyük rol oynayacaq. Bakı ölkənin iqtisadi transformasiyasında əsas lokomotivlərdən biri ola bilər. Biz bu modeli öyrənmək üçün buradayıq”, – deyə o qeyd edib.
--> -->