Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinin sifarişçisi, "Kadir” ləqəbli Temel Alsancakdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Sabah” qəzeti
araşdırma dərc edib.
FETÖ terror təşkilatının üzvü sayılan Alsancakın 27 avqust 2021-ci ildə 817 min dollara aldığı Texasdakı villasında gizləndiyi ortaya çıxıb.
Onun həyat yoldaşı və qızının adına şirkətin açıldığı, sonradan bağladığı müəyyən edilib. O, həmçinin 4 ayrı-ayrı saxta şirkət qurub və onlardan 2-ni bağlayıb. Bu firmalardan qaçan FETÖ-çülərin iş vizası ala bilməsi üçün cəbhə kimi istifadə edilib.
Nəşr Karlovun qətlinə səbəb olan prosesdə iştirak edən komanda üzvlərinin adlarını çəkir və fotoşəkillərini dərc edir: Hüseyn Kütüce, Cemal Karaata, Atila Öztürk.
İddia olunur ki, bu işdə əli olanların hamısı polis və kəşfiyyat da daxil olmaqla rəsmi strukturlarla əlaqəli olub.
Bu cinayətkar qrup "xaricdə mənfi ictimai rəy” yaratmaq üçün Stokholmda yerləşən və FETÖ üzvü Abdullah Bozkurtun təsis etdiyi "Nordic Monitor” qara təbliğat saytından istifadə edib.
Rusiya səfirinə sui-qəsddə cihadçı qrupların günahlandırılması planlaşdırılırdı. Ölümlə nəticələnən hadisədən 3 gün əvvəl Bozkurt "Türkiyədəki səfirliklər artıq təhlükəsiz deyil” xəbərini paylaşmalı idi.
Sui-qəsdin məqsədi Türkiyə ilə Rusiya Federasiyası arasında siyasi və hərbi münasibətləri müharibə vəziyyətinə gətirmək olub.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli 2016-cı il dekabrın 19-da saat 19:05 radələrində Ankara Müasir İncəsənət Mərkəzində "Rusiya bir səyyahın gözü ilə: Kalininqraddan Kamçatkaya qədər” fotosərgisinin açılışı zamanı baş verib. Qatil - polis əməkdaşı Mevlüt Mert Altıntaş hadisə yerində məhv edilib. "Sabah”ın təqdim etdiyi versiyaya görə, Altıntaşın qətlinin sifarişini məhz Alsancak verib.
Nizami Bağırov
Şərhlər