Xəbər lenti

İstanbulda terror, 50 milyard dollar xərc... - Ərdoğan belə bir riskə getməyə hazırdırmı?
Azər Rəşidoğlu
Dünya 15:41 14.11.2022

İstanbulda terror, 50 milyard dollar xərc... - Ərdoğan belə bir riskə getməyə hazırdırmı?

İstanbuldakı terrorun PKK tərəfindən törədildiyi rəsmən təsdiqləndi. Terror əmri Suriyanın Kobani şəhərindən gəlib. 

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, hücumu həyata keçirən şəxsin Afrindən Türkiyəyə keçməsi ilə bağlı məlumatlar var. (Qeyd edək ki, Kobani və Afrin Suriyada PKK/PYD terror təşkilatının ən fəal olduğu şəhərlərdir-red).

S.Soylu bildirib ki, İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar. O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıblar. Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək. "ABŞ-ın başsağlığını qəbul etmirik”, deyə nazir vurğulayıb.

Nəzərə alsaq ki, PKK-nın Türkiyənin müxtəlif şəhərlərində dayaqları mövcuddur, terror dalğasının davam edəcəyini ehtimal edə bilərik.  

Göründüyü kimi, artıq Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmır. Ərdoğan bu addımı atmağa məcburdur.

Xatırladaq ki, 2017-ci ildə Astanada bölgə ölkələrinin liderləri arasında Suriya münaqişəsinin dinc tənzimlənməsinə yönələn danışıqlar baş tutmuşdu. Əldə edilən razılaşmalara rəğmən, tərəflər arasında mövcud ziddiyyətlər aradan qalxmadı. Münaqişə 12 milyona qədər məcburi köçkün və qaçqın yaradaraq, bir neçə region üçün böyük miqrasiya problemə səbəb oldu. Astana formatında 2-ci görüş 2021-ci ildə Soçidə keçirildi və bu danışıqlar da nəticəsiz qaldı. 

Bu gün Tükiyə Suriyada tam hərbi üstünlüyə malikdir. Bu üstünlük İran, Rusiya və Qərbi narahat edir. Elə bu səbəbdən də ABŞ və NATO ilə Ərdoğanın münasibətləri mürəkkəbləşib. Ərdoğan Qərbin təşəbbüslərini pozur. Türkiyə lideri Qərb qarşısında müti olmaq istəmir. Lakin Kreml də Ərdoğandan itaət tələb edir. Putin Suriya hökuməti üçün status-kvonun qorunub saxlanılmasında maraqlıdır. Lakin Kreml Türkiyənin Suriyada əməliyyatlara başlamasına mane ola bilmir. Moskva İranı da Suriyaya buraxmaq istəmir. Rusiya öz qüvvələrindən başqa heç bir qüvvənin Əsəd tərəfindən dəvət olunmadığını deyir. Bu isə Ankaranın maraqlarına cavab vermir. Düzdür, bu gün Rusiya Ukraynada məğlub olur və belə bir vaxtda Moskvanın Suriyada hərbi əməliyyatlara başlayacağı real deyil.

Ötən gün baş verən terror aktından sonra Suriyada yeni müharibə qaçılmazdır. Bu isə hər mənada Ərdoğana baha başa gələ bilər. Türkiyənin Suriya əməliyyatı nəticəsində YPG-nın nəzarətində olan dəhlizin sıradan çıxması real görünür. Həmin dəhlizə gələcəkdə kimin nəzarət edəcəyi sual altındadır. 

Xatırladaq ki, 2010-cu ildən başlayaraq İraq və Suriyadan keçərək, Livana qədər uzanan ərazilərə, İrana tabe olan "Hizbullah” nəzarət edirdi. Ankara beynəlxalq magistral xəttə nəzarəti də həyata keçirtmək istəyir. Türkiyənin həyata keçirdiyi "Fərat qalxanı”, "Zeytun budağı” əməliyyatları da bu planın tərkib hissəsi idi. Hərbi əməliyyatları davam etdirməklə Ankara strateji önəm daşıyan zolağı nəzarətə götürə bilər. Qardaş ölkənin həmin əraziyə 2 milyon suriyalı qaçqını məskunlaşdırma planı ilə regionun etnik tərkibinin də dəyişməsi mümkün görünür. Bununla Türkiyə öz təhlükəsizliyini təmin edə bilər. Burada ən maraqlı nüans M4 magistral xəttidir. Suriyadakı ərazilər arasında strateji baxımdan ən önəmlisi olan M4 magistralı Əl Babdan keçməklə Hələbə qədər davam edir. Marşrutun önəmi o qədər böyükdür ki, Türkiyəyə M4 magistralından cənuba doğru irəliləməyə imkan vermək istəmirlər. Unutmaq olmaz ki, 2011-ci ildən bu yana regionda bütün döyüşlər məhz M4-ə nəzarət uğrunda gedir. İran, İraq və Suriyanı birləşdirən bu yol İraq sərhədindən başlayır, Latakiyada qurtarır və oradan Livana qədər uzanır. İrandan başlayan yol da Ərbil və Mosuldan keçməklə həmin magistrala birləşir. 

Bu gün Bəşər Əsəd bu qədər önəmli və strateji dəhlizin yalnız kiçik bir hissəsinə - Hələb ətrafı yola nəzarət edə bilir.

Bunu nəzərə alan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni uduş mövqeyinə çıxartmaq istəyir. Türkiyə üçün 911 kilometrlik sərhəddə sabitliyə nail olmaq zəruridir. Türkiyə Fərat çayı sahilinə qoşun göndərməklə təhlükəsizlik zolağı qurmağa çalışır. Vaşinqtonun geri çəkilməsi ilə Ankara bu istiqamətdə daha inamla irəliləyir. Məqsəd isə birdir. Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Əməliyyatın yeganə məqsədi təhlükəsiz zona yaratmaqdır. Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması hər nə qədər Qərb dairələri, eyni zamanda Rusiya, İran və ərəb ölkələri tərəfindən birmənalı qarşılanmasa da, onlar Ankaranın bu addımı zərurətdən atdığını qəbul etmiş kimi görünürlər. Həm ABŞ-dan, həm Rusiyadan, həm İrandan, həm də digər bəzi ölkələrdən səslənən yüksək səviyyəli bəyanatlarda Türkiyənin sərhədlərinə olan təhlükələrə qarşı bu addımların atmasının anlaşılan olduğu boşuna vurğulanmır. Ankara "təhlükəsiz bölgə" ilə məhdudlaşmaq istəmir. Hərbi əməliyyatdan sonra qaçqınların azad olunmuş ərazilərdə yerləşdirilməsi üçün Türkiyəyə 50 milyard dollar lazım olacaq. Avropa Birliyi açıq bəyan edib ki, Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşıdır və bu səbəbdən də qaçqınların bölgəyə yerləşməsinə pul ayırmaq barədə düşünmür. 

Ankara çox mürəkkəb bir şəraitdə hərbi əməliyyatlara başlaya bilər. Lakin başqa yol da qalmayıb. Əks halda terrorçular Türkiyə ilə sərhədi tamamilə ələ keçirə bilər.

Lakin bir problem mövcuddur. Müharibələr vətəndaşları birləşdirə bilər. Ərdoğan xarici amildən istifadə edərək, seçkidə inamlı qələbə qazana bilər. Amma əgər bu müharibə gözlənilən effekti verməsə, ictimai rəyin istiqaməti dəyişəcək. Ərdoğan belə bir riskə getməyə hazırdırmı?

Azər Rəşidoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->