Xəbər lenti

İşdən çıxarılan şöbə müdiri məhkəmədə DSMF-ə qalib gəldi
Ekonomiks 16:03 22.01.2026

İşdən çıxarılan şöbə müdiri məhkəmədə DSMF-ə qalib gəldi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Lənkəran-Astara Regional Filialının Cəlilabad qəbul şöbəsinin müdiri vəzifəsindən azad edilən Nahid Rüstəmov işinə bərpa olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nahid Rüstəmov işdən çıxarılmasını məhkəmədə mübahisələndirib. O, işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. 

Lakin hakim Fariz Əlizadə Nahid Rüstəmovun iddiasını təmin etməyib. O, iddia müddətinin ötürüldüyünü əsas gətirib. Yeri gəlmişkən, Fariz Əlizadə hakim olmazdan əvvəl DSMF-nin Maliyyə-Mühasibatlıq üzrə Mərkəzi Filialında hüquqşünas kimi fəaliyyət göstərib.

Nahid Rüstəmov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Fariz Əlizadənin qərarını qüvvədə saxlayıb. 

Keçmiş şöbə müdiri hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu dəfə Bakı Apellyasiya Məhkəməsi Nahid Rüstəmovun iddiasını təmin edib. 

Qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti təqdim etsə də, rüsumun məbləğində yanlışlıq edib. Bu baxımdan, şikayət geri qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi isə yenidən işə baxaraq qərardan kassasiya şikayəti verilməsinin mümkünsüz olması barədə qərardad çıxarıb. 

Qaynarinfo bu məlumatlarla əlaqədar Nahid Rüstəmovun özü ilə əlaqə saxlayıb. O, məhkəmə yolu ilə işə bərpa olunduğunu təsdiqləyib. 

"Əvvəlcə Prezidentə məhkəmə-hüquq sistemində, Prezident Administrasiyasında apardığı islahatlara və haqlı mübarizəmdə mənə köməklik göstərən ədalətli  kadrlara etimadı üçün təşəkkür edirəm. Bundan başqa, haqlı mübarizəmi daim nəzarətində saxladığına görə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri hörmətli Sənan Hacıyevə, Ali Məhkəmənin hakimləri İspəndiyar Şəfiyev, Əhməd Nurməmmədova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zabit Bəhmənzadəyə və vəkil Tural Şahbazova minnəttarlığımı bildirirəm. Onu da qeyd edim ki, mənə qarşı bu haqsızlıq Dövlət Sosial Müdafiə Fondunun öncəki sədri Himalay Məmişovun və Regional Filialın xanım direktoru A.Səfərlinin dövründə olub", deyə şöbə müdiri bildirib. 

Seyid
--> -->