Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu il hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbulun müsabiqə yolu ilə aparılacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Agentliyin məlumatına görə, bu il Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Şərhlər