Xəbər lenti

İranda ölü sayı artdı, Netanyahu sülh vədi verdi... (YENİLƏNİR)
Dünya 13:16 03.03.2026

İranda ölü sayı artdı, Netanyahu sülh vədi verdi... (YENİLƏNİR)

ABŞ və İsrailin İrana yönəlmiş bombardmanları davam edir. İran hava hücumlarına cavab olaraq raketlərlə ABŞ bazalarını və İsraili hədəf alıb.
İsrail Beyrut və Tehrana qarşı eyni vaxtda hücumlara başladığını bildirib. İsrail ordusu Livana qarşı quru əməliyyatına start verildiyini elan edib.
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin həyatını itirməsinə cavab olaraq zərbə endiriləcəyini vəd edib.
Vaşinqton administrasiyası isə Yaxın Şərqdə bir sıra ölkələr üzrə təcili təxliyə xəbərdarlığı yayıb.
 

13:16

İranda ölənlərin sayı artdı


İranın Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin hücumları nəticəsində həlak olanların sayının 787-yə yüksəldiyini açıqlayıb.


12:55

İran bazasına raket hücumu: 13 hərbçi həlak olub


"Tesnim" xəbər agentliyi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar çərçivəsində Kirman Quru Qoşunları Hərbi Hava Bazasına raket zərbəsi endirildiyini bildirib. İran Ordusu hücum nəticəsində 13 hərbçinin həlak olduğunu açıqlayıb.

12:47

Netanyahudan müharibə açıqlaması: Sonsuza qədər davam etməyəcək


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı davam etdirdiyi müharibənin sonsuza qədər sürməyəcəyini bildirib.

"Fox News" kanalına açıqlamasında Netanyahu İran rejiminin süqutundan sonra bölgədəki digər müsəlman ölkələri ilə "bir çox sülh sazişi” imzalaya biləcəklərini iddia edərək deyib: "Bu, sonsuza qədər davam edəcək bir müharibə olmayacaq. Əvvəlcə İran xalqının taleyini nəzarətə götürməsi, öz demokratik yolla seçilmiş hökumətini qurması üçün zəruri şərtləri yaradacağıq. Bu da İranı tamamilə fərqli bir ölkəyə çevirəcək”.

Səudiyyə Ərəbistanı vurğusu

Netanyahu mövcud İran hakimiyyətinin süqutunun Səudiyyə Ərəbistanına əhəmiyyətli dərəcədə fayda verəcəyini irəli sürüb.

Netanyahu bildirib ki, "Bu, sülhə, daha geniş sülhə açılan qapıdır. Və buna nail ola biləcəyimizə inanıram”. Onun sözlərinə görə, İranda hakimiyyətin dəyişməsi ilə bağlanacaq razılaşmalar regiona sülh gətirə bilər.


12:25

Yunanıstan müdafiə tədbirlərini gücləndirib


Yunanıstan mətbuatında yayılan məlumatlara görə, artan regional gərginlik və təhlükəsizlik narahatlıqları fonunda bir ədəd "Patriot” hava hücumundan müdafiə batareyası Cənubi Egey bölgəsində yerləşən Kerpe adasına göndərilib. Bildirilir ki, dislokasiya hava müdafiə imkanlarının gücləndirilməsi və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbir məqsədi daşıyır.

Bundan əlavə, Yunanıstana məxsus iki freqatın Cənubi Kipr Rum Administrasiyasının (GKRA) sahillərinə doğru hərəkət etdiyi, dörd ədəd "F-16” qırıcı təyyarəsinin isə GKRA-ya çatdığı qeyd olunur. Məlumata görə, müdafiə naziri Nikos Dendias bu gün GKRA-ya səfər edəcək. Səfərdə Baş Qərargah rəisi, general Dimitrios Hupisin də iştirak edəcəyi bildirilir.

12:02

Omanda limana PUA hücumu olub


"Oman” Xəbər Agentliyi pilotsuz uçuş aparatlarının Omanın Duqm ticarət limanına zərbə endirdiyini açıqlayıb. Bildirilir ki, hücum nəticəsində yanacaq çəni vurulub.

Hadisə zamanı insan tələfatının olmadığı qeyd olunur.

11:56

İsrail Livanda quru əməliyyatlarını genişləndirəcəyini bəyan edib


İsrail "Hizbullah” ilə artan gərginliyi əsas gətirərək Livanın cənubunda quru əməliyyatlarını genişləndirmək qərarı qəbul etdiyini açıqlayıb.

İsrailin müdafiə naziri Yisrael Katzın ofisindən yayılan bəyanatda bildirilib ki, Katz və baş nazir Binyamin Netanyahu orduya Livan ərazisində daha geniş ərazilərdə yerləşmə ilə bağlı göstəriş veriblər.

Katz bildirib ki, əməliyyatların genişləndirilməsi sərhəd bölgəsində yerləşən İsrail yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
 
ƏTRAFLI BURADAN BAX

11:51

Tehranda Şəhid Mütəhhəri xəstəxanasına ziyan dəyib


ABŞ və İsrailin İranın paytaxtı Tehranın şimalına endirdiyi zərbələr nəticəsində Şəhid Mütəhhəri xəstəxanasına ziyan dəyib. Bildirilir ki, xəstəxananın yaxınlığında yerləşən və İnqilab Keşikçiləri Korpusuna məxsus olduğu iddia edilən obyektin hədəfə alınması nəticəsində tibb müəssisəsi yararsız vəziyyətə düşüb.

Məlumata görə, xüsusilə reanimasiya şöbələri başda olmaqla bir sıra bölmələr fəaliyyətini dayandırıb. İran rəsmiləri xəstəxananın təxliyə edildiyini, xəstələrin isə şəhərin müxtəlif ərazilərində yerləşən müalicə müəssisələrinə köçürüldüyünü bildiriblər.

Qeyd olunub ki, xəstəxananın daxilində yerləşən dərman anbarı da zərər görüb və dərman vasitələri məhv olub.

Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. Yaxınlıqda yerləşən və İnqilab Keşikçilərinə məxsus olduğu bildirilən digər xəstəxanada da təhlükəsizlik tədbirləri gücləndirilib.


11:22

BƏƏ sursat ehtiyatlarının tükənməsi iddiasını təkzib edib

 
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan həyata keçirilən hücumların qarşısını almaq üçün istifadə edilən hava hücumundan müdafiə sistemlərində sursatın tükəndiyi barədə iddiaları əsassız adlandıraraq rədd edib.

BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-nin "Bloomberg” kanalının ölkənin müdafiə qabiliyyəti ilə bağlı "yanlış və çaşdırıcı” iddialar səsləndirdiyi bildirilib.

Açıqlamada məsuliyyətli jurnalistikanın əhəmiyyətinə diqqət çəkilərək məlumatların rəsmi mənbələrdən təsdiqlənməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, BƏƏ hava təhdidlərinə yüksək effektivliklə cavab verə bilən müxtəlif, inteqrə olunmuş və çoxqatlı hava hücumundan müdafiə sistemlərinə malikdir. Bildirilib ki, ölkənin hava məkanı uzun, orta və qısa mənzilli sistemlərlə hərtərəfli qorunur.

11:16

İsrail Livanda quru əməliyyatına başlayıb

 
İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladığını açıqlayıb. Bildirilib ki, hərbi bölmələr "strateji nöqtələrə” yerləşdirilib.

 

10:59

Tehranda ard-arda partlayışlar


İsrail ordusunun yeni hücum əməliyyatına başladığını elan etməsindən sonra İranın paytaxtı Tehranda ardıcıl partlayışların baş verdiyi bildirilib.

10:52

ABŞ-dən Orta Şərqdə bir çox ölkə üçün təcili təxliyə xəbərdarlığı


ABŞ administrasiyası İsrail də daxil olmaqla Orta Şərqdəki bir çox ölkə üzrə vətəndaşlarına təcili təxliyə çağırışı edib. İsrail mətbuatına açıqlama verən amerikalı rəsmi yaxın günlərdə İran istiqamətində ABŞ hücumlarının artmasının gözlənildiyini bildirib və gərginliyin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın Ər-Riyadda yerləşən ABŞ səfirliyinə edilən hücum və Küveytdə 6 hərbçinin həyatını itirməsi səbəbindən İrana qarşı cavab tədbirləri görəcəyinə dair vəd verdiyi bildirilib.

ABŞ Dövlət Departamentinin Konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar "X" platformasında paylaşım edərək ciddi təhlükəsizlik risklərinə diqqət çəkib. O, ABŞ vətəndaşlarının mövcud nəqliyyat imkanlarından istifadə edərək dərhal bölgəni tərk etmələrinin vacibliyini vurğulayıb.

Təxliyə çağırışı edilən ölkələr

ABŞ-nin təxliyə xəbərdarlığı etdiyi ölkələr arasında İsrail, Qərb Sahili və Qəzza, Livan, Suriya, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İran və Misir yer alıb.

10:47

ABŞ Küveytdəki səfirliyini bağladı


ABŞ-nin Küveytdəki səfirliyinin "regional gərginliklər səbəbindən" ikinci bir elanadək müvəqqəti olaraq bağlandığı bildirilib.

ABŞ-nin Küveyt səfirliyindən verilən açıqlamada qeyd olunub: "Davam edən regional gərginliklər səbəbindən Küveytdəki ABŞ səfirliyi ikinci bir bildirişədək bağlı olacaq. Bütün adi və təcili konsulluq görüşlərini ləğv etmişik."

10:36

Hizbullah Colan təpələrində İsrail bazasına hücum edib


Livanın "Hizbullah" hərəkatı İsrailin işğal altında saxladığı Colan təpələrində yerləşən Nafah bazasını raketlərlə hədəfə aldığını açıqlayıb.

"Hizbullah"ın "Telegram" kanalında yayımlanan yazılı bəyanatda Livana yönəlmiş hücumlara cavab olaraq İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumların təşkil edildiyi bildirilib.

Açıqlamada İsraildə yerləşən Miron bazasının da yerli vaxtla saat 06:30-da kamikadze pilotsuz uçuş aparatları ilə vurulduğu qeyd olunub.
 
10:26

Uitkoffdan nüvə bombası iddiası


ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"a açıqlamasında İranın 460 kiloqram 60 faiz zənginləşdirilmiş urana sahib olduğunu və bunun 11 nüvə bombası istehsalı üçün kifayət etdiyini iddia edib.

10:21

"Hizbullah"a bağlı radio binası vurulub


İsrail ordusunun Beyruta endirdiyi hava zərbəsi nəticəsində "Hizbullah"a bağlı "Nur" radiosunun binasının hədəf alındığı bildirilib.

10:02

ABŞ-ın Ər-Riyad səfirliyi bağlanıb


Ər-Riyaddakı ABŞ səfirliyi İranın PUA hücumu səbəbindən bağlanıb. ABŞ vətəndaşlarına təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunub.

09:58

Erakçidən Rubiyoya cavab


İranın xarici işlər naziri Abbas Erakçi ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına cavab olaraq bildirib ki, İran heç vaxt ABŞ üçün təhdid olmayıb və Vaşinqton İsrail naminə müharibəyə qoşulub.

09:57

Tramp Konqresi məlumatlandırıb


Donald Tramp İranla bağlı əməliyyatlar barədə Konqresə "müharibə səlahiyyətləri" çərçivəsində bildiriş göndərib. O, zərurət yaranacağı təqdirdə əlavə addımların atıla biləcəyini bildirib.

09:55

Bəhreyndəki ABŞ qərargahı hədəf alınıb


İranın "IRNA" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun "Sadiq Vəd 4" əməliyyatının 14-cü dalğası çərçivəsində Bəhreynin Şeyx İsa bölgəsindəki ABŞ hava bazasının əsas komanda binasının 20 PUA və 3 raketlə vurulduğunu açıqlayıb.

09:50
 

Bəhreyndə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma


Bəhreynin Sitra adasında İran tərəfdarı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Bəzi şəxslər saxlanılıb. Rəsmi açıqlamada ictimai təhlükəsizliyi təhdid edən şəxslərin müəyyən edilərək həbs olunduğu bildirilib.

09:47

Qətər görüntülərin paylaşılmasını qadağan edib


Qətər hava hücumları və onların qarşısının alınması zamanı baş verən hadisələrlə bağlı görüntülərin yayılmaması barədə xəbərdarlıq edib. Qadağanın pozulacağı təqdirdə hüquqi məsuliyyət yaranacağı bildirilib.

09:36

İsrail Tehran və Beyruta yeni hücumlara başlayıb


İsrail Beyrut və Tehrandakı hərbi hədəflərə qarşı yeni hücumlara başladığını elan edib. Hücumlarda xüsusilə hava hücumundan müdafiə sistemlərinin hədəf alındığı bildirilib.

09:32

Ər-Riyaddakı ABŞ səfirliyi vuruldu


Ər-Riyaddakı ABŞ səfirliyinin İranın PUA hücumu nəticəsində vurulduğu bildirilib. Hücum nəticəsində binada kiçik həcmli ziyan yaranıb.

08:57

Bəhreyndəki ABŞ bazasına hücum


İran ABŞ-ın Bəhreyndə yerləşən hərbi bazasına genişmiqyaslı PUA və raket hücumu həyata keçirdiyini açıqlayıb.

08:42

İrandan qonşu ölkələrə mesaj


İranın BMT-dəki daimi nümayəndəsi Səid İravani Nyu-Yorkda jurnalistlərə açıqlamasında İranın cavab zərbələrində yalnız ABŞ obyektlərini hədəf aldığını bildirib.

Onun sözlərinə görə, İran qonşu ölkələrin maraqlarına hücum etmir və ABŞ bazaları ev sahibi ölkələrin nəzarətindən kənardadır. İravani İranın müharibə və gərginlik istəmədiyini, lakin suverenliyini müdafiə edəcəyini vurğulayıb.

08:36

İsrail Livana hücumla bağlı xəbərdarlıq edib


İsrail ordusu Livanın cənubunda yerləşən 59 kənd və qəsəbəyə hücum edilə biləcəyi barədə xəbərdarlıq edərək, sakinləri evlərini tərk etməyə çağırıb.

08:23

İran Körfəzə hücumlarını davam etdirir


ABŞ və İsrailin İran hökumətinə qarşı birgə hücumundan sonra Yaxın Şərqdə gərginlik artıb. Körfəz ölkələrində, xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərdə cavab zərbələri endirilib. Şəhər mərkəzləri, enerji obyektləri, hava limanları və hotellər hədəf alınıb.

Küveyt 178 ballistik raket və 384 PUA-nın məhv edildiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri 182 raketdən 169-nun qarşısının alındığını, 645 PUA-nın vurulduğunu açıqlayıb.

Bəhreyn 70 raket və 76 PUA-nın zərərsizləşdirildiyini, Qətər 104 raketdən 101-nin və 39 PUA-dan 24-nün qarşısının alındığını bəyan edib. Səudiyyə Ərəbistanı 8 PUA-nın ələ keçirildiyini bildirib. Omanda isə Dukm limanı və bir neft tankeri PUA hücumuna məruz qalıb.

08:16

Ərbildə gərginlik artıb


ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bazasının yerləşdiyi Ərbil hava limanına PUA hücumundan sonra hava hücumundan müdafiə sistemləri işə düşüb. Ard-arda buraxılan 3 PUA zərərsizləşdirilib.

Yerli mediada Ərbildə bir otelə PUA ilə hücum edildiyi bildirilib. Hücumun nəticələri ilə bağlı məlumat verilməyib. Şiə milis qüvvəsi "Həşdi Şəbi"yə bağlı "Seraya Evliya əd-Dəm" qrupu ABŞ hərbçilərinin qaldığı iddia olunan otelə hücum təşkil etdiyini açıqlayıb.

08:01

İsrail Beyruta hücumda hədəf alacağı məkanı açıqladı


İsrail ordusunun sözçüsü Aviçay Adrai "X" hesabında Dahiye bölgəsinin Hureyk məhəlləsində qırmızı ilə işarələnmiş bir binanın yer aldığı xəritə paylaşıb. Onun sözlərinə görə, "Hizbullah"a məxsus olduğu iddia edilən həmin binaya güclü zərbə endiriləcək.

Adrai bölgə sakinlərini binadan ən azı 300 metr uzaqlaşmağa çağırıb.

07:47

Trampdan İrana cavab təhdidi: Çox yaxında öyrənəcəksiniz


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyinə pilotsuz uçuş aparatı ilə edilən hücumdan sonra "News Nation" saytına açıqlama verib.

Tramp səfirliyə hücum və ABŞ hərbçilərinin ölümü ilə nəticələnən digər hücumlara görə İrana cavab veriləcəyini bildirib. Cavabın mahiyyəti barədə isə "Çox yaxında öyrənəcəksiniz" ifadəsini işlədib.

O, İrana qarşı quru əməliyyatına ehtiyac olmadığını düşündüyünü vurğulayaraq, "Onlara böyük zərər veririk" deyib. Tramp İranın nüvə və raket potensialına ciddi zərbə vurulduğunu və əməliyyatın planlaşdırılandan daha sürətlə getdiyini qeyd edib.

07:30

Səudiyyə Ərəbistanında 8 PUA zərərsizləşdirildi


Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, general-mayor Turki əl-Maliki paytaxt Ər-Riyad və Əl-Xarc şəhərləri yaxınlığında 8 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

07:16

Qətər 2 İran təyyarəsini vurdu


Qətər Müdafiə Nazirliyi İrana məxsus 2 ədəd "Su-24" tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. Nazirlik həmçinin hava hücumundan müdafiə sistemlərinin 7 ballistik raketi uğurla məhv etdiyini, 5 pilotsuz uçuş aparatının isə zərərsizləşdirildiyini bildirib.

Məlumata görə, təhlükə müəyyən edildikdən dərhal sonra əməliyyat planı çərçivəsində tədbirlər görülüb və bütün raketlər hədəfə çatmadan əvvəl məhv edilib. Qeyd olunub ki, Qətər Silahlı Qüvvələri dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də istənilən xarici təhdidə qətiyyətlə cavab vermək üçün hazır vəziyyətdədir.

 

--> -->