Xəbər lenti

İnsanlar nə vaxt iki ayaq üstə yeriməyə başlayıb? - Alimlərdən yeni və gözlənilməz faktlar
Dünya 19:06 03.01.2026

İnsanlar nə vaxt iki ayaq üstə yeriməyə başlayıb? - Alimlərdən yeni və gözlənilməz faktlar

Mərkəzi Afrikada tapılmış fosillərin yeni təhlili göstərir ki, insanın əcdadı təxminən 7 milyon il əvvəl iki ayaq üstə yeriyib. Bu isə indiyədək qəbul edilən tarixdən xeyli daha erkən dövrə təsadüf edir.

Qaynarinfo xəbər verir ki, "Washington Post"un yazdığına görə, 20 ildən artıq müddət əvvəl Çadın şimalındakı səhrada aparılan qazıntılar zamanı alimlər 7 milyon il yaşı olan qalıqlar - kəllə sümüyü, ayaq sümüyü və bir cüt qol sümüyü aşkar ediblər. 

Bu qalıqlar insanın məlum olan ən qədim əcdadlarından birinə aid ola bilər. Sözügedən qədim insanabənzər canlıya Sahelanthropus tchadensis adı verilib. O vaxtdan bəri alimlər onun əsasən müasir insanlar kimi iki ayaq üstə yeriyib-yerimədiyini, yoxsa hələ də dörd ayaqla hərəkət etdiyini müəyyənləşdirməyə çalışırlar.

İndi isə yeni analiz göstərir ki, Sahelanthropus müntəzəm şəkildə iki ayaq üstə hərəkət edən bizim ilk məlum əcdadımız ola bilər. Əgər bu şərh təsdiqlənərsə, erkən homininlərin meydana çıxma tarixi təxminən 1 milyon il daha geriyə çəkilmiş olacaq.

Tapılmış kəllə sümüyünün, ehtimal ki, beyni şimpanzenin beyni ölçüsündə olan, lakin sifəti insana bənzər yetkin bir erkəyə aid olduğu bildirilir. Kəllənin alt hissəsində onurğa beyninin keçdiyi dəliyin yerləşməsi daha dik bədən quruluşuna işarə edir. Bu fərd "həyata ümid” mənasını verən Tumay ləqəbi ilə tanınıb.

Lakin bəzi alimlər kəllə sümüyünün bu cür erkən şərhini şübhə altına alıblar. Ayaq sümüyünün ilkin analizi onun şimpanze və bonobo sümüklərinə bənzər formada olduğunu göstərib ki, bu da canlıların dörd ayaqla hərəkət etdiyini ehtimal etməyə əsas verir.

Son araşdırmada alimlər ətraf sümüklərini daha detallı şəkildə təhlil ediblər. Bud sümüyündə insanlardakı kimi təbii burulma aşkar edilib ki, bu da ayaqların irəli yönəlməsinə və yerimə zamanı tarazlığın qorunmasına kömək edir. Komanda həmçinin bud sümüyünün oma əzələlərinə birləşdiyi nahiyədə – yenə insanlardakı kimi – çıxıntı müəyyən edib. Bu struktur ayaq üstə durmaq və qaçmaq üçün mühüm əhəmiyyət daşıyır.

Alimləri ikiayaqlı hərəkətə ən çox inandıran əsas xüsusiyyət isə "bud qabarı” adlanan quruluşun mövcudluğu olub. Bu, çanağı bud sümüyü ilə birləşdirən bağın bərkidiyi nöqtədir. Sözügedən bağ insan bədənində ən möhkəm bağ hesab olunur və ayağa qalxarkən bədənin arxaya aşmasının qarşısını almaqda əsas rol oynayır.

Qeyd edək ki, bundan əvvəl alimlər qədim insanların aclıq səbəbindən deyil, başqa səbəblərlə kannibal olduqlarını da müəyyənləşdirmişdilər.

Aydın

--> -->