Xəbər lenti

Şimali Koreya
Dünya 13:26 24.03.2026

Şimali Koreya "sosialist" sözündən imtina etdi, Cənubi Koreyanı "əsas düşmən" adlandırdı

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) rəhbərliyi ölkənin konstitusiyasında dəyişikliklər edərək sənədin adından "sosialist" sözünü çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KTTA) məlumat yayıb.

Məlumata görə, Şimali Koreya Ali Xalq Məclisinin 15-ci çağırışının birinci sessiyasının ikinci günündə məclisin sədri Ço Yon Von çıxış edib. O, konstitusiyaya edilən dəyişikliklərin yeni inkişaf mərhələsinin tələblərinə uyğun olduğunu və sosialist quruculuğun hüquqi təminatı baxımından mühüm mərhələ təşkil etdiyini vurğulayıb.

Ço Yon Von həmçinin qanun layihəsinin məzmunu barədə ətraflı məlumat verib. Bu layihə çərçivəsində "Koreya Xalq Demokratik Respublikasının Sosialist Konstitusiyası” adı "Koreya Xalq Demokratik Respublikasının Konstitusiyası” ilə əvəz edilib.

Ali Xalq Məclisi qanun layihəsini müzakirə edərək mövcud sosialist konstitusiyaya dəyişikliklərin və əlavələrin edilməsi barədə qərarı yekdilliklə qəbul edib.

Bu arada Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı rəsmi olaraq düşmən dövlət adlandırıb. O, Ali Xalq Məclisinin 15-ci çağırışının birinci sessiyasında etdiyi proqram xarakterli çıxışında bildirib ki, Şimali Koreya bundan sonra Cənubi Koreyanı "ən düşmən dövlət” kimi nəzərdən keçirəcək və onunla bütün əlaqələri rədd edəcək.

Onun sözlərinə görə, Cənubi Koreyanın Şimali Koreyanın suverenliyinə hər hansı müdaxilə cəhdi sərt cavabla qarşılanacaq. Kim Çen In həmçinin qeyd edib ki, belə addımlar qarşısında "amansız qiymət” ödədiləcək.

Kim Çen In çıxışında dünyadakı mövcud vəziyyəti nəzərə alaraq nüvəsizləşmədən imtinanın düzgün qərar olduğunu bildirib. Onun sözlərinə görə, "düşmən qüvvələr” Şimali Koreyanı nüvə silahından imtina etməyə və bunun müqabilində müəyyən kompensasiya almağa məcbur etməyə çalışıblar.

Kim Çen In qeyd edib ki, mövcud reallıq ölkəsinin strateji seçiminin – düşmənlərin "şirin vədlərini” rədd etməsinin və nüvə silahına sahib olmağı geri dönməz şəkildə təsbit etməsinin nə qədər düzgün olduğunu göstərir. O, həmçinin vurğulayıb ki, ölkənin təhlükəsizliyi artıq bəyanatlar və ya çağırışlarla deyil, güc vasitəsilə təmin olunur və sülh də yalnız güclə qorunur.

Aydın
--> -->