Avropa polis təşkilatı Avropolun rəhbərliyi ilə 23 ölkənin iştirak etdiyi genişmiqyaslı beynəlxalq əməliyyat nəticəsində qaranlıq internetin ən böyük şəbəkələrindən biri ifşa edilib və sıradan çıxarılıb.
Qaynarinfo xəbər verir ki, uzun illər davam edən izləmə nəticəsində yüz minlərlə qanunsuz sayt bağlanıb, 105 serverə və çoxsaylı texniki vasitələrə əl qoyulub.
"Alice əməliyyatı” adlanan bu proses kibercinayət dünyasına vurulan ən böyük zərbələrdən biri kimi qiymətləndirilir. 2019-cu ildən bəri Çin vətəndaşı tərəfindən idarə olunan və "Alice with Violence CP” kimi tanınan bu şəbəkə uşaq istismarı məzmunlarından tutmuş kiber cinayət xidmətlərinə qədər bir çox qanunsuz fəaliyyətləri əhatə edirdi.
Şəbəkə təxminən yeddi il ərzində 373 mindən çox internet saytı vasitəsilə geniş bir infrastruktur qurmağı bacarıb. Platforma istifadəçilərə müxtəlif paketlər təklif edərək gigabaytlardan terabaytlara qədər dəyişən məzmun vəd edirdi.
Lakin araşdırma dərinləşdikcə məlum olub ki, sistem əslində böyük bir fırıldaq üzərində qurulub. Təxminən 10 min müştəridən 20–250 dollar arası ödəniş alan şəbəkə vəd etdiyi məzmunu təqdim etməyib. Operatorun bu yolla təxminən 400 min dollar qanunsuz gəlir əldə etdiyi ehtimal edilir.
Avropolun 2021-ci ildə başladığı istintaq 2026-cı il martın 9-da əməliyyat mərhələsinə keçib. Əvvəlcə şəbəkənin rəhbəri hədəfə alınsa da, proses zamanı bu qanunsuz xidmətlərdən istifadə etməyə çalışan 440 nəfərin kimliyi də müəyyən edilib.
19 martda başa çatan əməliyyat çərçivəsində 105 serverlə yanaşı kompüterlər, mobil telefonlar və məlumat saxlama qurğuları da müsadirə olunub.
ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa, Almaniya və Ukrayna daxil olmaqla 23 ölkənin hüquq-mühafizə orqanları bu əməliyyatı birgə həyata keçirib. Avropol nümayəndələri yüzlərlə şübhəlinin araşdırılmasının davam etdiyini və bu tip şəbəkələrin tam sıradan çıxarılması üçün işlərin davam etdiriləcəyini bildiriblər.
Aydın
Şərhlər