Polşanın ikinci ən böyük şəhəri olan Krakov Avropada rəqəmsal köçərilər üçün ən yaxşı məkan kimi tanınıb.
Qaynarinfo "Playerstime" məlumat təhlili üzrə mütəxəssislərinin apardığı yeni araşdırmaya istinadən xəbər verir ki, məhz bu şəhər əlçatanlıq, təhlükəsizlik və həyat keyfiyyətinin balanslaşdırılmış nisbətini təklif edir.
Reytinq lideri necə müəyyən edilib?
Ümumilikdə qitənin ən çox ziyarət edilən 35 məkanı analiz edilib. Qiymətləndirmə zamanı yerləşmə, qidalanma, xərclər və internet sürəti, ictimai nəqliyyat və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Daha yüksək təhlükəsizlik və daha aşağı qiymətlər daha çox bal qazandırıb.
Nəticədə Mərkəzi və Şərqi Avropa şəhərləri sürətli internet, yaşayış və əlçatan ictimai nəqliyyat baxımından qiymət və keyfiyyət balansında ən yaxşı göstəriciləri nümayiş etdirib, Qərbi və Şimali Avropada isə qiymətlər xeyli yüksək olub.
Beləliklə, Krakov 175 baldan 161 bal toplayıb. Orada orta aylıq xərclər 1423,12 avro təşkil edir. Şəhər xüsusilə ərzaq əlçatanlığı (aylıq təxminən 148 avro), internet qiyməti (təxminən 16 avro) və təhlükəsizlik (100-dən 75,08 bal) üzrə yüksək nəticə göstərib.
İkinci yeri Polşanın paytaxtı Varşava tutub. Burada aylıq xərclər 1265,26 avro təşkil edir, təhlükəsizlik göstəricisi 74,66, ümumi bal isə 175-dən 150-dir.
Üçüncü yerdə Macarıstanın paytaxtı Budapeşt qərarlaşıb. Rəqəmsal köçərilər burada orta hesabla aylıq 1542,24 avro xərcləyir, o cümlədən ictimai nəqliyyat üçün aylıq bilet təxminən 23,08 avrodur. Şəhər 175 baldan 147 bal toplayıb.
İlk beşliyi Çexiyanın paytaxtı Praqa (aylıq 1276,65 avro, 141 bal) və Estoniyanın paytaxtı Tallinn (aylıq 2627,12 avro) tamamlayır. Bu şəhərlər də münasib qiymətlər, sürətli və etibarlı internet, eləcə də aşağı ərzaq qiymətləri ilə seçilir.
Araşdırma göstərib ki, Avropada ictimai nəqliyyatın qiyməti ciddi fərqlənir: Praqada aylıq ən ucuz bilet təxminən 22,5 avrodur, Londonda isə 1-4 zonalar üzrə metro bileti təxminən 300 avroya qədər yüksəlir.
Təhlükəsizlik səviyyəsi də kəskin fərqlənir: Xorvatiyanın Dubrovnik şəhəri 82,23 bal ilə ən yüksək göstəriciyə malikdir. Ən aşağı göstərici isə Fransanın Lion şəhərinə aiddir – 40,87 bal.
Yaşayış xərclərinə gəlincə, Praqa və Varşava ən əlçatan şəhərlər kimi öndədir və burada gecəlik qiymətlər təxminən 35 avrodan başlayır. Ən yüksək qiymətlər isə İrlandiyanın Dublin və İslandiyanın Reykjavik şəhərlərində qeydə alınıb və aylıq 4000 avroya qədər yüksələ bilir.
Dublin həmçinin ən yüksək aylıq xərclərə malik şəhərdir – təxminən 4700 avro. Onu Reykjavik (təxminən 4653 avro) və Amsterdam (təxminən 4175 avro) izləyir.
Aydın
Şərhlər