Şimali Koreya 5 min tonluq "Choe Hyon" döyüş gəmisindən strateji qanadlı raketin sınağını həyata keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreya rəhbərliyi məlumat yayıb.
Məlumata görə, ötən ilin aprel ayında istismara verilmiş döyüş gəmisindən həyata keçirilən raket sınağını ölkə lideri Kim Çen In şəxsən izləyib. O bildirib ki, ölkənin dəniz vasitəsi ilə müdafiə imkanları getdikcə güclənir.
Kim Çen In 5 illik müdafiə planı çərçivəsində hər il iki yeni döyüş gəmisinin inşa olunması barədə göstəriş verdiyini də açıqlayıb. Onun sözlərinə görə, bu addım donanmanın həm sualtı, həm də suüstü hücum gücünü əhəmiyyətli dərəcədə artıracaq.
"Donanmamızın sualtı və suüstü zərbə imkanları sürətlə artacaq. Donanmanın nüvə silahları ilə təchiz olunması istiqamətində qənaətbəxş irəliləyiş əldə etmişik. Bu nailiyyətlər yarım əsrdir təmin edə bilmədiyimiz dəniz üstünlüyünün qorunması baxımından ciddi dönüş nöqtəsidir”, – deyə o qeyd edib.
Kİm Çen In vurğulayıb ki, ölkənin müstəqilliyini hərbi güc vasitəsilə qorumaqda qətiyyətlidir. Onun sözlərinə görə, Şimali Koreya gələcəkdə dünyanın ən güclü donanmalarından birinə sahib olacaq.
"Əgər hər hansı qüvvə müdafiə imkanlarımızı gücləndirmək səylərimizdən narahatdırsa, bu, onların bizim düşmənimiz olduğunu göstərir. Milli suverenliyimizi sözlə deyil, real addımlar və əməli fəaliyyətlə təmin edəcəyik”, – deyə o bildirib.
Günay
Şərhlər