Xəbər lenti

İlon Mask tarixə düşdü: Sərvəti 800 milyard dolları aşan ilk şəxs oldu
Dünya 16:10 04.02.2026

İlon Mask tarixə düşdü: Sərvəti 800 milyard dolları aşan ilk şəxs oldu

Amerikalı milyarder İlon Mask kosmos və aerokosmik şirkət "SpaceX”in süni intellekt və sosial media təşəbbüsü olan "xAI”ni öz tərkibinə qatmasından sonra sərvəti 800 milyard dolları ötən ilk şəxs olub.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, "Forbes”in hesablamalarına əsasən, "SpaceX” və "xAI” arasında bağlanan razılaşma Maskın sərvətini 84 milyard dollar artıraraq 852 milyard dollara çatdırıb. Birləşmiş şirkətin ümumi dəyərinin isə 1,25 trilyon dollar olduğu təxmin edilir.

Razılaşmadan əvvəl İlon Mask "SpaceX”də təxminən 42 faiz, "xAI”da isə 49 faiz paya sahib idi. Razılaşmadan sonra onun dəyəri 542 milyard dollar olaraq qiymətləndirilən birləşmiş şirkət səhmlərinin 43 faizinə nəzarət etdiyi bildirilir.

Bu rəqəmlər "SpaceX”in Maskın açıq şəkildə ən dəyərli aktivinə çevrildiyini göstərir. Məlumata görə, Mask "Tesla”da 12 faiz paya malikdir və ümumi dəyəri 124 milyard dollar olan səhm opsiyonlarına sahibdir.

Maskın sərvəti 2025-ci ilin oktyabrında 500 milyard dollar, "SpaceX”in yeni dəyərləndirilməsindən sonra dekabrda 600 milyard dollar, bundan cəmi dörd gün sonra isə 700 milyard dollar həddini keçməklə tarixə düşmüşdü.

"Forbes”in məlumatına görə, İlon Mask hazırda dünyanın ikinci ən varlı şəxsi olan "Google”un qurucu ortaqlarından Larri Peycdən 578 milyard dollar daha zəngindir və bununla da dünyanın ilk trilyoneri olmağa bir addım da yaxınlaşıb.

Aydın

--> -->