Xəbər lenti

Corcia Meloni: Avropa ABŞ-sız təhlükəsizlik sistemi qurmalıdır
Dünya 16:30 10.04.2026

Corcia Meloni: Avropa ABŞ-sız təhlükəsizlik sistemi qurmalıdır

İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, Avropa İttifaqı NATO daxilində təhlükəsizlik sistemini ABŞ-dan asılı olmadan, öz maraqlarına uyğun şəkildə qurmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərinin yekunlarına dair açıqlamasında danışıb.

Meloninin sözlərinə görə, Avropa məsuliyyəti öz üzərinə götürməli və ilk növbədə öz təhlükəsizliyini təmin etmək üçün alyansın Avropa dayağını cəsarətlə formalaşdırmalıdır.

O qeyd edib ki, Avropa İttifaqı ABŞ-a artıq bir sıra məsələlərdə, o cümlədən təzyiqlərə və tənqidlərə göz yummayacağını nümayiş etdirib. Siyasətçi Qrenlandiya ilə bağlı vəziyyəti və tarif sazişləri məsələsini buna nümunə kimi göstərib.

"Biz həmçinin ABŞ-ın İranla müharibəsi məsələsində də eyni mövqeni tutduq, İtaliya bununla razı deyil və bu prosesdə iştirak etmir", deyə Meloni bildirib.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə qapalı görüşdə müttəfiqləri kəskin tənqid edib. Mənbələrin məlumatına görə, Tramp Avropa ölkələrinin İran ətrafındakı vəziyyətlə bağlı mövqeyindən narazılığını ifadə edib və dəstək göstərilməməsi səbəbindən cavab addımları nəzərdən keçirə biləcəyini bildirib.

Aydın

--> -->