İki beynəlxalq reysi yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, "Finnair" aviaşirkətinə məxsus, Helsinki - Phuket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
"Airbus A350" tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou - Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
"Boeing 747" tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.
Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.
Şərhlər