Kainatın dərinliklərinə baxarkən təkcə ulduzları deyil, həm də həmin ulduzların yaydığı və gözlərimizin qavraya bilmədiyi işıq tezliklərini görmək mümkün olsaydı, nə dəyişərdi? NASA bu sualın cavabını SPHEREx adlı yeni infraqırmızı kosmik teleskopu ilə təqdim edir.
Qaynarinfo xəbər verir ki, 450 milyon qalaktikanın detallı işıq spektrini toplamaq vəzifəsini daşıyan bu nəhəng cihaz, yaxın günlərdə əldə etdiyi məlumatlar əsasında hazırlanmış ilk görüntüləri paylaşıb. Ənənəvi teleskoplar səmanı cəmi bir neçə geniş rəng filtri ilə müşahidə etdiyi halda, SPHEREx 102 fərqli dar filtrdən istifadə edərək sanki kainatın rəqəmsal rentgenini çəkir. Bu texnologiya alimlərə kosmosun dərinliklərində bizim üçün "görünməz” olan detalları ayrı-ayrılıqda təhlil etməyə imkan verir.
Rəng anlayışı əslində göründüyündən qat-qat mürəkkəbdir. Bizim mavi və ya yaşıl adlandırdığımız rənglər işığın yalnız müəyyən dalğa uzunluqlarından ibarətdir. SPHEREx isə insan gözünün hüdudlarını aşaraq infraqırmızı spektrdəki dalğa uzunluqlarını qeydə alır və onları bizim görə biləcəyimiz rənglərə çevirir.
NASA-nın Astrofizika Bölməsinin direktoru Şon Domaqal-Qoldman cəmi altı ay ərzində bu qədər böyük həcmdə məlumatın toplanmasını inanılmaz hal kimi qiymətləndirir. Əldə edilən hər bir məlumat dəsti səmanın 102 fərqli dalğa uzunluğunda hazırlanmış yeni xəritəsi deməkdir. Bu xəritələr kainatın necə yarandığı və bugünkü yaşayış mühitimizin necə formalaşdığı kimi fundamental suallara işıq salır.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasındkı mütəxəssislər bu teleskopu təbiətdə ən inkişaf etmiş görmə sisteminə malik canlılardan biri olan mantis karidesinə bənzədirlər. Bu canlı kimi, SPHEREx də ətrafını son dərəcə geniş perspektivdən və zəngin rəng müxtəlifliyi ilə qavrayır. Yer ətrafında gündə təxminən 14,5 dövr edən teleskop, hər dövrdə səmanın fərqli bir zolağını görüntüləyir. Yer Günəş ətrafında hərəkət etdikcə teleskop da bu hərəkətlə sürüklənir və nəticədə hər altı ayda bir bütün səma ən azı bir dəfə tam şəkildə skan olunur. Bu davamlı dövr kainatın zaman içindəki dəyişimini izləmək üçün unikal imkan yaradır.
Toplanan bu nəhəng məlumat toplusu yalnız estetik görüntülər yaratmaqla kifayətlənmir, eyni zamanda yüz milyonlarla qalaktikanın Yerə olan məsafəsini ölçmək üçün istifadə olunur. Bu ölçmələr nəticəsində kainatın üçölçülü, nəhəng bir xəritəsi formalaşır. Alimlər bu xəritədən qaranlıq enerji, kosmik şişmə və kainatın genişlənməsi kimi hələ də sirr olaraq qalan bir çox böyük sualı cavablandırmaq üçün yararlanmağı planlaşdırırlar. Bundan əlavə, NASA bu dəyərli məlumat dəstini yalnız peşəkar astronomlarla deyil, maraqlı ictimaiyyət və bütün elmi ictimaiyyətlə açıq şəkildə paylaşır.
Aydın
Şərhlər