Xəbər lenti

Rusiya iqtisadiyyatı sağ qalmaq üçün
Dünya 15:30 23.02.2026

Rusiya iqtisadiyyatı sağ qalmaq üçün "əzələlərini yeyir": Yayadək böhran gözlənilir

Vladimir Putinin Ukraynaya işğal əmri verdikdən dörd il sonra Rusiya iqtisadiyyatı "ölüm zonası”na daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fortune" yazır.

"Rusiya iqtisadiyyatı mənfi tarazlıq adlandırıla biləcək vəziyyətdə ilişib qalıb: özü-özünü dəstəkləyir, eyni zamanda gələcəyini tədricən məhv edir", deyə "Carnegie Russia Eurasia Center"in elmi əməkdaşı, keçmiş Rusiya Mərkəzi Bankı müşaviri Aleksandra Prokopenko bildirib.

İqtisadiyyat dərhal çökmək təhlükəsində deyil, lakin ÜDM artımı dayanıb, neft gəlirləri Qərb sanksiyaları fonunda iki dəfə azalıb, və büdcə kəsiri ehtiyatları sürətlə yeyir.

İki iqtisadi sistem

Rusiya iqtisadiyyatında iki sistem formalaşıb: birincisi – hərbi və Kremlin prioritet sahələri; ikincisi – digər bütün sektorlardır. İqtisadiyyat indi "hərbi renta” üzərində fəaliyyət göstərir – büdcə transfertləri müdafiə müəssisələrinə gedir, bu da maaş və iqtisadi aktivlik yaradır.

Lakin bu vəsaitlər aktivlərə yönəlir ki, sonradan məhv ediləcək. Fabrikləri dəstəkləyən pullar tanklar, zirehli texnika və digər silahların istehsalına gedir, hansı ki sonradan məhv olur və gələcək iqtisadi artım üçün baza yaratmır.

Eyni şəkildə yeni hərbçilərin cəlb olunmasına sərf olunan vəsait də onların mülki sektordakı məhsuldarlığını artırmır. Çoxu həlak olur və ya yaralı halda geri dönür. "Center for Strategic and International Studies"in qiymətləndirməsinə görə, rus hərbçilərinin ümumi itkiləri 1,2 milyon nəfərdir, onlardan 325 min nəfəri öldürülüb.

"Orqanizm enerjiyə görə öz əzələlərini yandırır", deyə Prokopenko yekunlaşdırıb.

Maliyyə problemləri

Mərkəzi Bank artımı dəstəkləmək üçün faiz dərəcələrini azaldıb, Kremlin isə büdcə kəsirini nəzarətdə saxlamağa çalışır, lakin Rusiya iqtisadiyyatının problemləri monetar və ya fiskal siyasətlə həll edilmir. Dövlət borcunun faiz ödənişləri bu il artıq təhsil və səhiyyəyə xərcləri üstələyəcək.

Putin sadəcə dayana bilməz, çünki iqtisadiyyat getdikcə müdafiə sektorundan asılıdır, və demobilizasiya böhran yarada bilər. Müharibəni bitirmək əvəzinə o, davam etdirir və gözləyir: kim əvvəl dözməyəcək – Ukrayna, yoxsa onun qərb tərəfdaşları.

Rusiyada narahat siqnallar

Son aylarda narahatlıq Rusiyanın içərisində də artıb. "The Washington Post"un məlumatına görə, rus rəsmi şəxsləri Putini maliyyə böhranı riski barədə xəbərdar ediblər. Onlar yanvar ayında neft gəlirlərinin keçən illə müqayisədə 50% azaldığını və büdcə kəsirinin artdığını bildiriblər – hətta vergilər artırılsa da.

Moskva biznesmenlərindən biri deyib ki, böhran "üç-dörd ay” ərzində baş verə bilər, inflyasiya sürətləndikcə. Restoranlar bağlanır, minlərlə işçi işdən çıxarılır. Bahalı kreditlər və zəif tələb səbəbindən şirkətlər iş saatlarını azaldır və ya işçiləri ödənişsiz məzuniyyətə göndərir. Vətəndaşlar kredit ödəməkdə çətinlik çəkir, bu da bank sistemi üçün riskləri artırır.

Müharibə fonunda iqtisadiyyat

Qərb rəsmiləri Rusiyanın qələbə qazandığı təsəvvürünü təkzib etməyə çalışır. Ukrayna yaxınlarda qarşı hücuma başlayıb, çünki rus hərbçilərinin bir hissəsi "SpaceX" şirkətinin "Starlink" peyk internetinə çıxışını itirib.

"Institute for the Study of War"un qiymətləndirməsinə görə, 1 yanvardan Ukrayna cənubda ən azı 168,9 kv.km ərazi azad edib. "Institute"in rus bölməsinin müavini Kristina Harvard "New York Post"da qeyd edib ki, Rusiya ordusu artıq yeni çağırışlarla kompensasiya edə bilməyəcəyi itkilərə məruz qalır. Onun fikrincə, Putinə müharibəni davam etdirmək üçün məhdud mobilizasiya dalğası başlatmaq lazım ola bilər, və onun sərt ritorikası danışıqlarda daha çox blöf rolunu oynayır.

Son söz

Avropa İttifaqının sanksiyalar üzrə xüsusi elçisi Devid O’Sullivan bildirib ki, Rusiya iqtisadiyyatı 2026-cı ildə mülki sektor hesabına hərbi istehsala çox yönəldiyi üçün "geri dönüş nöqtəsinə” yaxınlaşa bilər.

2022-ci ildə sərt sanksiyalardan sonra Rusiyanın hərbi xərcləri kəskin artıb və iqtisadiyyat sürətlə böyüyüb – 2025-ci ilədək Rusiya dünyanın 9-cu ən böyük iqtisadiyyatı olub, Kanada və Braziliyanı geridə qoyub. Amma indi Rusiya iqtisadiyyatının gələcəkdə artımı az inandırıcı görünür və 2026-cı ildə onun tıxac vəziyyətinə girdiyinin açıq əlamətləri var.

Aydın

--> -->