Xəbər lenti

Dünya 14:48 18.12.2024

"Gürcüstan müxalifətinin məğlubiyyəti labüddür" - Politoloq

"Məsələ heç də Avropa İttifaqının gürcü müxalifətini yalnız buraxmasında deyil. Məsələ ondadır ki, gürcü cəmiyyəti müxalifətə böyük ümidlər bəsləmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Qərbin prezident seçkilərindən sonra Gürcüstan müxalifətini yalnız buraxdığı barədə iddiaları şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Avropa İttifaqında müxtəlif mövqeyi olan dövlətlərin mövcudluğu təbii haldır:

"Qurumda qərarlar konsensusla qəbul olunur. Bir neçə dövlət bu və ya digər qərarın əleyhinə çıxırsa, deməli qərar qəbul edilmir. Avropa Parlamentində isə qərarlar səs çoxluğu ilə qəbul olunur. Amma Nazirlər Şurası Sədrləri Komitəsində qərarlar yekdillik əldə olunduqdan sonra qəbul edilir. Siyasət müəyyən məharət, tədbir, müəyyən uyğunlaşma, kompromislər tələb edir. Gürcüstanda baş verən hadisələr bəzilərinin təsvir etdiyi kimi sadə deyil. Gürcüstan hakimiyyətinin mövqeyində də müəyyən həqiqətlər var. Onlar öz mənafelərini müdafiə etmək istəyir. İstəmirlər ki, sözsüz Aİ-yə tabe olsunlar".
 


Zərdüşt Əlizadə hesab edir ki, Qərb Avropa dəyərlərini zorən qəbul etdirmək istəyir:

"Bu dəyərlərdə iqtisadi azadlıqlarla yanaşı, insan azadlıqları da var. Gürcü cəmiyyətinin əksəriyyəti bunu qəbul etmək istəmir. Bu, Azərbaycanda, Ermənistanda da belədir. Bu cür səthi məsələlərdən istifadə edib, siyasi hakimiyyət naminə kütləni səfərbər edirlər. "Gürcü Arzusu" seçkilərdə heç olmasa, 52-53 faiz səs toplayıb". 

Ekspertin fikrincə, Gürcüstan müxalifətinin məğlubiyyəti labüddür:

"Gürcü müxalifəti dağınıqdır. Ona görə də onların məğlubiyyəti qaçılmazdır. Aİ belə vəziyyətdə də gürcü müxalifətini yalnız buraxmır. Amma məsələ ondadır ki, gürcü cəmiyyəti müxalifətə böyük ümidlər bəsləmir. Hətta küçə etirazlarını müxalif idarə etmirdi. Mitinqləri cəmiyyət özü təşkil edidi. Bu hərəkatın hansısa müsbət nəticələrə gətirib çıxaracağını  gözləmirəm".

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. 3 mövzu-Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub. Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb. Avropa İttifaqının 27 ölkəsinin heç də hamısı Gürcüstanla bağlı eyni fikirdə deyil. Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir. Belə vəziyyətdə görünən odur ki, Qərb artıq Gürcüstan müxalifətini yalnız buraxmaq məcburiyyətində qalacaq.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->