Xəbər lenti

“Allah xatirinə, niyə kimsə bu əlaqələrin davamında maraqlı olmalıdır?” - ABŞ
Dünya 13:59 18.12.2024

“Allah xatirinə, niyə kimsə bu əlaqələrin davamında maraqlı olmalıdır?” - ABŞ

ABŞ dövlət katibinin müavini Ceffri Payett bəyan edib ki, Rusiyanın Ukrayna üzərindən qaz tranziti müqaviləsinin başa çatması Avropanın Rusiya enerji resurslarından asılılığı dövrünün bitməsinə doğru güclü bir addım olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Amerikanın Səsi”nə verdiyi müsahibədə bildirib

Payet vurğulayıb ki, o, bu müqavilənin başa çatmasının Avropanın Rusiya enerji resurslarına asılılığı dövrünün başa çatdırılmasına səbəb olacağına "həqiqətən ümid edir”.

Rusiyanın qaz tranziti müqaviləsinin uzadılması üçün Ukraynaya edilən təzyiqləri şərh edərkən Payet qeyd edib ki, "vacib olan odur ki, bu təzyiq cəmi bir və ya iki ölkədən gəlir, Avropa Komissiyasından gələn siqnal isə çox aydındır”.

ABŞ dövlət katibinin müavini Avropa enerji məsələləri üzrə komissarı Den Yorgensenin Rusiya qazından imtina ilə bağlı bəyanatını və yeni təyin olunmuş komisarın Rusiya enerji resurslarından, o cümlədən qaz və nüvə sahələrindəki asılılığı mərhələli şəkildə aradan qaldırmaq niyyətini alqışladığını bildirib. Avropa 2027-ci ilə qədər Rusiyadan tədarükü sıfıra endirməyi hədəfləyir.

Payet vurğulayıb ki, Rusiyanın uzun illər Ukraynaya təsir göstərmək üçün istifadə etdiyi bu müqavilənin uzadılmasını məntiqli hesab etmir.

"Enerji resursları, xüsusilə də qaz ticarəti, müstəqillik əldə edildiyi vaxtdan bəri Rusiyanın Ukrayna iqtisadiyyatına təsirinin əsas vektoru olub. Bəs niyə, Allah xatirinə, kimsə bu əlaqələrin davamında maraqlı olmalıdır?” – deyə o qeyd edib.

O əlavə edib ki, beynəlxalq ictimaiyyətin Rusiya enerji resurslarından imtina etməyin zəruriliyini anladığına əmindir.

"Hətta Yaponiyada – mən bu barədə cümə axşamı və cümə günləri enerji və xarici işlər nazirləri ilə danışdım – qaz ehtiyatının təxminən 10%-ni Saxalin adasından alan Yaponiya da Rusiyanın etibarsız tədarükçü olduğunu tam şəkildə anlayır”, – deyə Payet bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ və müttəfiqlər Rusiya enerji resurslarının satışından əldə edilən gəlirlərdən müharibə məqsədilə istifadə olunmasını məhdudlaşdırmaq üçün sanksiyaları artırmağa davam edəcəklər.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qaz tranziti müqaviləsi 1 yanvar 2025-ci ildə başa çatır. Avropa tranzitin dayanmasına hazırlaşmaq üçün artıq addımlar atıb.

Ən həssas ölkələr ötən il qaz ehtiyatının 90%-dən çoxunu Rusiyadan almış Avstriya və Slovakiya hesab olunur. Rusiya qazının tədarükünə dair narahatlıqlar səbəbindən Moldova parlamenti dekabrın 13-də enerji sektorunda fövqəladə vəziyyətin elan olunmasına səs verib.

Slovakiya və Macarıstan Ukraynanın Rusiya qazının tranzitini davam etdirməsi üçün dövlət səviyyəsində səylər göstərirlər. Xüsusilə Slovakiya baş naziri Robert Fiko dekabrın 16-da Ukraynanın baş naziri Denis Şmıqalla bu məsələni müzakirə edib. Ancaq Ukrayna hökumətinin rəhbəri "Qazprom” ilə müqavilənin uzadılmasını qəti şəkildə rədd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->