Bir neçə gün öncə FİFA futbolda ofsaydla bağlı yeni qərar qəbul etdi. Dəyişikliyə əsasən artıq ofsayd halları zamanı santimetr, millimetr kimi ölçülərdən istifadə olunmayacaq. Yəni, bir futbolçunun bədəninin çox cüzi hissəsi rəqibindən irəlidə olarsa, bu, ofsayd sayılmayacaq. Maraqlıdır ki, bir neçə il öncə FİFA ofsaydın videotexnologiyalardan istifadə edərək, demək olar, santimetrlə ölçülməsi qərarını özü qəbul etmişdi. Məhz həmin qərar birmənalı qarşılanmamışdı. Bəs niyə qurum geri addım atmaq qərarına gəldi?
Bu qərarı keçmiş FİFA referisi Əfqan Həmzəyev təhlil etdi. O, Qaynarinfo-ya açıqlamasında FİFA-nın geri addımının səbəblərini izah edib:
"Həm klublardan, həm ölkələrdən çoxlu şikayətlər vardı. Əsas problem nədən ibarətdir? Ofsayd topun ayaqdan çıxma anından etibarən götürülür. Yəni topun ayaqdan çıxma anı ilə ofsayd anını eyniləşdirmək lazımdır ki, qərarın doğru olub olmadığı müəyyənləşsin. Bu mənada həmin iki an arasında santimetrlərlə, hətta millimetrlərlə fərq qalırdı. Belədə rentgen edəndə çox böyük problemlər yaranırdı. Ortaya millimetr söhbəti çıxırdı. Çiyinin, qolun, əlin, başın cüzi bir hissəsinin rəqib futbolçudan irəli olması vurulan qolların sayını azaldır, azarkeşlərin haqlı narazılığına səbəb olurdu. Üstəlik ən böyük probem qərarın gec verilməsi idi. Dəqiqələrlə oturub VAR-a baxırdıdılar, amma qərar verə bilmirdilər. Çıxardıqları qərarlar isə əksər hallarda səhv olurdu. Həm oyunun tempi aşağı düşürdü, həm də hər ofsayd zamanı VAR-a baxmaq da böyük problemlər yaradırdı. Deməzdim ki, FİFA bunların qarşısını almaq üçün köhnə sistemə qayıtdı. Sadəcə, qaydaları modernləşdirdi. Yeni bir anlayış gətirdilər. Bu da ondan ibarətdir ki, artıq millimetrlər, santimetrlər ofsayd hesab olunmayacaq. Köhnə sistem belə idi ki, bədənin böyük bir hissəsi rəqibdən irəlidə olanda da ofsayd qeydə alınmırdı. İndi fərq odur ki, bədənin hansısa hissəsi rəqib futbolçudan açıq-aşkar irəlidədirsə, bu, artıq ofsayd kimi qeydə alınacaq. Ancaq insan gözü ayrıd etməyəcək qədər məsafə varsa, ofsayd sayılmayacaq.
Həmzəyev meydanda doqquz hakim olmasına baxmayaraq, yenə də qərarların doğru verilmədiyini, əvvəlki qaydaların futbolun ruhunu öldürdüyünü söylədi:
"Təsəvvür edin, meydanda dörd hakim var. Əlavə üç hakim də VAR-a baxır. Bu elədi yeddi. Bir hakim-inspektor meydanda, biri də içəridə. Ümumilikdə oldu doqquz nəfər. Bu da 18 göz deməkdir. 18 gözlə yanaşı, texnikadan da istifadə edirdilər, amma yenə də ofsayd qərarını düzgün verə bilmirdilər. FİFA məcbur olub işıqlandırma sistemini, yəni rentgeni də futbola gətirdi. Bu da çox vaxt aparırdı. Rentgeni topun ayaqdan çıxma anı ilə yanaşı qoyanda çox cüzi fərq olduğu görünürdü. Bunu texnologiya seçə bilmirsə, əlbəttə, insan gözü ilə qərar vermək mümkün deyil. Yeni qərara görə insan gözünün görə bilmədiyi məsafədə ofsayd qeydə alınmayacaq. İdeya və məntiq bundan ibarətdir. Yoxsa "mənim çiynim səninkindən üç santimetr irəlidədir”, "burnum qabaqdadı ofsayd deyil” kimi söhbətlər olurdu. Burnumun irəlidə olmasına görə ofsayd qeydə alınması çox gülməlidir. Dabanın bir hissəsinin irəlidə olmasını əsas gətirib, qolu ləğv etmək absurddur. Təsəvvür edin, əvvəl barmaq ucları belə irəlidə olanda ofsayd qeydə alınırdı. Burda artıq santimetr söhbəti gedir. İnsanın ən böyük ayaq barmaqları 6-7 santimetrdən uzun deyil. Ancaq bunu ölçü kimi istifadə edirdilər. Bu artıq futbolun, mübarizənin ruhuna zidd idi. Narazılıqlar yaranırdı, azarkeşlər futboldan soyuyurdu. İnsanlar qol sevincini qeyd edərkən, üç dəqiqədən sonra qərar ləğv olunurdu. Burnun, qulağın irəlidə olurdu, qolu saymırdılar. Bilirsiniz, futbol sürətli oyundur. 90 ildir oyunları üç hakim idarə edirdi. Problem o idi ki, VAR-a baxandan sonra belə bu qədər hakim yenə doğru qərar vermirdi. İndi isə bunları yığışdırdılar və yalnız mübarizə zamanı bədənin böyük hissəsinin rəqibdən irəlidə olacağı təqdirdə ofsayd qərarı çıxarılacaq. Əvvəlki qaydalar isə biabırçılıq idi”.
Səbuhi Həsənov
Şərhlər