(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)
Artıq Baharın ayaq səsləri eşidilir. Sabah Novruz bayramı qeyd ediləcək. Bayrama qədər isə Azərbaycanda Novruzun yaranma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimləri qeyd olunub.
Bu gözəl bayramın özünəməxsus atributları var: Səməni, adət və ənənələr, oyunlar və bayram süfrəsi...
Hər il mart ayında buğdadan cücərdilən səməni Novruzun əsas elementidir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır. Novruz bayramı vaxtı tam böyümüş olur. Bundan sonra Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunların arasında artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi və s. yer alır. Bayram süfrəsi üçün xonça bəzədilir. Xonçanın içində səməni, şəkərbura, paxlava, şor-qoğal, yumurta, fındıq, qoz, badam və s. nemətlər olmalıdır. Əvvəllər hər evdə bir həftə əvvəl bayram süfrəsinin hazırlıqları başlayardı. Amma...
Bu gün Novruz ənənələrinin böyük qismi ilə vidalaşmışıq. Bəs, Azərbaycanın əziz bayramı sayılan Novruz adət-ənənələrini bizə unutduran nədir?
Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Novruz bayramı və çərşənbələri ilə bağlı ənənəvi dünyagörüşlər, baxışlar və mərasimlərin reallaşdırılması ildən-ilə dəyişir:
"Həm format baxımından, həm də hər yeni nəsil onun bəzi tərəfərini itirir, bəzi tərəflərini artırılar. Bununla əlaqədar müxtəlif dəyişikliklər baş verir. İndi Novruz bayramı və çərşənbələr daha çox virtual, yəni messencer, votsapp tipli çatlar vasitəsi ilə insanların bir-biri ilə bayramlaşması forması daha çox görsənir".
Aydın Xan Əbilovun sözlərinə görə, bütün bunlar bu bir daha onu göstərir ki, Azərbaycan Avropada gedən proseslərin təkrarını yaşayırıq:
"Yəni, cəmiyyət olaraq insanların yaşlaşması, qocalması və yaşlaşdıqca da tənbəlləşməsi artıq əvvəlki bayram əhval-ruhiyyəsini, gözəlliklərini öz həyatlarına tətbiq edə bilməməsi göz qarşısındadır. Sözsüz ki, burada sosial şəbəkələrin rolu var. Amma ondan əvvəl də sosial-iqtisadi, mədəni vəziyyəti də nəzərə almaq mütləqdir. Ətrafımıza baxanda əvvəl hər evdə uşaq sayı çox idi, indi hər evdə bir, ya iki uşaq var. Onların da 40%-i xəstə uşaqlardır. Valideynlər bəzi səbəblərdən onları həyətə buraxmırlar. Əvvəl şəhərdə, məhəllələrdə boş yerlər çox idi. İndi həmin yerlərin hamısı dağıdılıb, tikintilərlə əvəzlənib. Həyətlər tutulub, uşaqarın tonqal yandıra bilmək üçün yerləri yoxdur. Eyni zamanda Novruz bayramı, ilaxır çərşənbələrdə müxtəlif partlayıcı maddələrdən istifadə edirdilər, uşaqlar şənlənirdi, fişənglər atırdılar. Onların da satışı və ölkəyə gətirilməsi qadağan edildi".
Aydın Xan Əbilov Novruzun özünün bir növ kommersiyalaşdırıldığını diqqətə çatdırıb:
"Əvvəlllər həyətlərdə, küçələrdə, tonqal ətrafında olan bayramlaşma, real görüşlər indi virtual görüşlərlə, ən yaxşı halda xarici ölkələrə, yaxud rayonlara gedib kollektiv şəkildə beynəlxalq, yaxud daxili turuzmin imkanlarından istifadə edərək restoranlarda yeyib-içib, şənlənmək, rəqs etmək formasında qeyd edirlər. Bu heç də o demək deyil ki, bayram ənənələri yoxa çıxıb. Sadəcə, ənənələrin formatı dəyişib. Yenə də həm xaricdə, həm də daxildə yaşayanlar bayram edir".
Aydın Xan Əbilov bayram hazırlıqlarının bir tərəfinin həm də iqtisadiyyata dayandığını əlavə edib:
"Novruz bayramı olan mərasimlər artıq karnaval formatında qeyd olunmağa başlayıb. İş adamları Novruz atributlarını istehsal edirlər. Hətta tonqalın özünü belə biz artıq satışda görürük. Səməni və yumurtalar əvvəl hər evdə hazırlanırdı. Artıq onu da kommersiyalaşdırıblar. Novruz şirniyyatları evdə bişirdi, indi hər mağazada satılır. Ona görə bizə elə gəlir ki, bayram ənənələri itib. Novruz ənənələri sadəcə kommersiyalaşıb, kreativ bisnesin bir formasına çevrilib".
Aydın Xan Əbilov onu da əlavə edib ki, insanların iqtisadi-sosial vəziyyəti bütün dünyada olduğu kimi Azərbaycanda da çətindir:
"İşsizlik var, maaşlar azdır, qiymətlər qalxıb, ona görə də bayram bayram kimi qeyd edilmir".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Şərhlər