Xəbər lenti

Ekonomiks 18:40 07.04.2026

"Faizsiz kreditlə mənzil" adı altında reklam - Bu təkliflər nə qədər realdır?

Bu gün tez-tez müxtəlif tikinti şirkətlərinin "faizsiz kreditlə mənzil" satması kimi reklamlarına rast gəlirik. Evsiz, ipoteka kreditlərə əlçatanlığı olmayan və mənzil almaq istəyən şəxslər üçün bu təklif əlçatan kimi görünür. Lakin bəzən bildirilir ki, bu qiymətlər real rəqəmləri əks etdirmir.

Bakı və iri şəhərlərdəki real bazar qiymətlərini nəzərə alsaq, tikinti şirkətlərinin "faizsiz kredit” təklifləri nə dərəcədə realdır? 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya bildirib ki, bu cür elanlar daha çox reklam xarakteri daşıyır və həqiqəti əks etdirmir:

"Tək ev alqı-satqısında yox, bir çox sahələrdə, gündəlik tələbat malları satan marketlərdə, maşın satışlarında, müxtəlif brend dükanlarda bu cür elanlara rast gəlmək olur. Belə elanların arxasında duran məqsəd müştərini, istehlakçını cəlb etməkdir. İstehlakçı müraciət edəndə ona aydın olur ki, heç də bu kreditlər faizsiz deyil. Əslidə ya xidmət haqqı, ya bank faizi, və ya digər adlar altında müxtəlif faizlər əlavə olunur. Bu da onu göstərir ki, əslində göstərilən kimi faizsiz kreditlə olmur, reklam xarakteri daşıyır". 
 

 
Vüqar Orucun sözlərinə görə, "faizsiz kredit" fikrinin arxasında real təklif dayanmalı, təklif olunan qiymət olduğu kimi dövrlərə bölünməli və istehlakçıya həmin ödəniş cədvəli təqdim olunmalıdır:

"Lakin "faizsiz kredit” hesablanarkən, vətəndaş əsas məbləğdən 10-15 bəzən də 20 faiz artıq ödəniş etmiş olur. Bu da onu göstərir ki, bu cür elanlar təşviq, reklam xarakteri daşıyır. Bu cür elanlara inanan və həmin şirkətlərə müraciət edərək mənzil almaq istəyən vətəndaşların da orta hesabla 50 faizi artıq ödəniş tələb olunmağına baxmayaraq, öz məqsədlərini yerinə yetirir".

Ekspert deyir ki, bu cür reklamların əsas məqsədi müraciət edən şəxsləri cəlb etməkdir ki, sonradan onları bu digər formada mənzil almağa təşviq edərək öz məqsədlərinə nail olmuş olurlar:

"Bu da bir satış strategiyasıdır və dünyada popular olan metoddur. Vətəndaşlar da bir çox hallarda bu elanlara inanmırlar, Lakin bu cür elanlar real olsa, daşınmaz əmlak bazarına pozitiv təsir göstərər, alqı-satqı faktlarının artımına səbəb olar və son nəticədə ölkə iqtisadiyyatına müsbət təsir göstərərər".
 
Günay İlqarqızı

--> -->