Ermənistan futbolunda qalmaqallı ifşalar gözlənilir. Xüsusilə, mərc oyunları və bu sahədə fəaliyyət göstərən yerli klublardan biri ilə bağlı araşdırmalar aparılır.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü "Joqovurd" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları Ermənistan Futbol Federasiyasının maliyyə fəaliyyəti ilə maraqlanmağa başlayıblar. Xüsusilə, hüquq-mühafizəçilərin ÇSKA klubuna da diqqət yetirəcəyi bildirilir. İddialara əsasən, bu komandaya hansı prinsiplə gənc futbolçuların cəlb edildiyi və onların nəticədə hərbi xidmətdən azad olub-olmadıqları araşdırılır. Məlumatlara görə, federasiyada həbslər də mümkündür.
"Joqovurd" həmçinin Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyanın növbəti uğursuzluqlarından birinin də milli komandaya yanvar ayına qədər baş məşqçi təyin etmək vədini yerinə yetirməməsi olduğunu qeyd edir. Ermənistan yığması mart ayında Gürcüstan millisi ilə Millətlər Liqasının pley-off oyunlarına çıxacaq.
Xatırladaq ki, 13 oktyabr 2024-cü ildə Ermənistan milli komandası öz meydanında Şimali Makedoniyaya 0:2 hesabı ilə uduzaraq, Millətlər Liqasının C Liqası 4-cü qrupunda birinci yer uğrunda mübarizə aparmaq şansını itirmişdi. Oyundan dərhal sonra baş məşqçi Aleksandr Petrakov istefa vermişdi.
Matçdan sonra FAF (First Armenian Front) azarkeş qrupu Ermənistan Futbol Federasiyasının binası önündə toplaşaraq rəhbərliklə görüş tələb etmişdi. Lakin Armen Melikbekyan onların qarşısına çıxmadığı üçün azarkeşlər onun istefasını tələb ediblər. Bu çağırışa Ermənistan Premyer Liqasının bir neçə klubu da dəstək verib.
Aydın
Şərhlər