Sizin də yadınızda olar, rusiyalı məşqçi Stanislav Çerçesovun adı uzun müddət Azərbaycan millisi ilə birlikdə çəkildi. Açıq-aşkar görünürdü ki, AFFA-nın daxilindəki hansısa qrup Çerçesovu millimizə baş məşqçi gətirmək üçün çalışır. Amma qazaxlar bizdən "əlli tərpəndilər”, Çerçesovun növbəti dayanacağı Qazaxıstan millisi oldu. Onun rəhbərliyi altında qazaxlar Millətlər Liqasında fiaskoyla üzləşdilər, qola və qələbəyə həsrət qaldılar. Halbuki, bundan əvvəlki iki qrup mərhələsi Qazaxıstan üçün yetərincə uğurlu keçmişdi, Adıyevin çalışdırdığı komanda az qalmışdı ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın.
Qazaxlar ziyanın yarısından qayıtdı, rusiyalı mütəxəssislə zaman itirmək istəmədilər. Başa düşdülər ki, Çerçesovdan Qazaxıstan yığmasına baş məşqçi olmaz. Adam ölkəyə gəldiyi gündən bəri yerli media ilə problem yaşayırdı, qazaxlara yuxarıdan aşağı baxdığını hər imkandaca hiss etdirirdi. Qazaxıstan Furtbol Federasiyasının yeni rəhbərliyi bütün bunlardan lazımı nəticə çıxardı. Onlar anladılar ki, yerli yığmaya əcnəbi yox, ölkə futbolunu və futbolçularını yaxşı tanıyan, bu futbolun içindən çıxan biri rəhbərlik etməlidir. Həmin mütəxəssis yerli gənclərin potensialını düzgün qiymətləndirməli, onların önünü açmalıdır. Bəlli həqiqətdir ki, Qazaxıstan futbolunun bəlli bir potensialı var, ondan yuxarı qalxmaq indiki halda onsuz da mümkün deyil. Buna görə də əcnəbi məşqçiyə milyonlar və zaman xərcləməyə dəyməz.
Təəssüf ki, bu aydın həqiqəti bizim AFFA başa düşmür, yaxud da başa düşmək istəmir. Yalançı strategiyalar bizi mahiyyətdən uzaqlaşdırır, illərimizi boşa veririk, futbola ayrılan neft milyonlarını isə əcnəbilər yerli işbazlarla birlikdə həzm-rebadan keçirirlər. Hərdən narahat oluram ki, Çerçesovun boşda qalması bizimkiləri narahat edər, onlar Santuşu yola salıb, onu milliyə baş məşqçi gətirərlər. Yaxud da, yeni strategiyaya əsasən AFFA ştat açıb, Çerçesovu ölkə futbolunun ağsaqqalı elan edərlər, başlayarlar ondan məsləhət almağa.
Biz boş-boş işlərlə məşğulkən Qazaxıstanda daha real addımlar atırlar. Bu addımlardan da biri milliyə gənc yerli mütəxəssis Əli Əliyevin baş məşqçi təyin edilmasi oldu. Adından göründüyü kimi bu mütəxəssis qanıyla-canıyla bizə qohumluğu çatan biridir. Bir neçə dəfə söhbətləşmək imkanım da olub, özü də doğma dilimizdə. Qardaşı Pirəli Əliyevlə birlikdə uşaq yaşlarından futbol oynamağa başlayan Əli Qazaxıstan millisində, ölkəsinin tanınmış klublarında, eləcə də Türkiyə də "top qovub”. 2019-cu ildə Qazaxıstanın ən yaxşı məşqçisi seçilən həmyerlimiz "Kızıl-Jar”ı birinci liqanın qalibi edib, uzun fasilədən sonra elitaya çıxarmağı bacarmışdı.
Sizə daha bir maraqlı məqamı çatdırmaq istəyirəm. Qazaxıstan millisinin yeni baş məşqçisini "Qarabağ” və Qurban Qurbanovla da sıx tellər bağlayır. Bəli, UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə Əli Əliyev "Qarabağ”ın düşərgəsində olub, Qurban bəyin yanında təcrübə də keçib. Əliyev "Olimpik Marsel”lə Bakıda keçirilən oyunu da canlı izləmişdi. Həmin qarşılaşmada isə Qurban Qurbanov bütün dünyaya "fair-play” nümunəsi göstərmişdi. Oyundan öncə söhbətləşdiyim Əli Əliyev "Qarabağ”a yaratdığı şəraitə görə təşəkkür etmiş, Bakıda gördüklərindən çox razı qaldığını da bildirmişdi.
Ümid edirəm ki, Qurban Qurbanov kimi, Əli Əliyev də özünü sübut etməyi, böyük uğurlar qazanmağı bacaracaq. Ona bu yolda Bakıda olarkən gördükləri, "Qarabağ”ın düşərgəsində öyrəndikləri də yardım edəcək. Əliyevin uğurlu olması həm də azərbaycanlı mütəxəssislərə olan etimadı artıracaq, hamı başa düşəcək ki, bizimkilər də yaxşı məşqçi olmağı bacarırlar. Uğur olsun!
Amal Abuşov
Şərhlər