"Mən cinsi təcavüzkar deyiləm, mən "cinayətkaram".
Cefri Epşteyn 2011-ci ildə "New York Post” qəzetinə verdiyi müsahibədə özünü bu sözlərlə müdafiə etmişdi.
"Bir qatil ilə çörək oğurlayan bir insan arasındakı fərq də budur”, deyə o əlavə etmişdi.
Qaynarinfo BBC-yə istinadən Epşeyn haqqında məlumatları təqdim edir:
Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapıldı. O vaxt Epsteyn girovla azadlığa buraxılmaq imkanı olmadan, fahişəlik məqsədilə insan alveri ittihamı ilə məhkəmə prosesini gözləyirdi.
Bu iş, Epsteynin azyaşlı bir şəxsə fahişəlik təklif etməkdə təqsirli bilinməsindən və cinsi cinayətkar kimi qeydiyyata alınmasından on ildən artıq vaxt keçdikdən sonra açılmışdı.
Bu dəfə o, azyaşlı qızların cinsi istismarı üçün nəzərdə tutulmuş "geniş miqyaslı bir şəbəkə”ni idarə etməkdə ittiham olunurdu. Epsteyn bütün ittihamları rədd edir, özünü təqsirli bilmədiyini deyirdi.
"Epsteyn Şəffaflıq Aktı"
2025-ci ilin noyabr ayında ABŞ Konqresinin hər iki palatası Epşteyn Şəffaflıq Aktını böyük səs çoxluğu ilə qəbul etdi.
Bundan dərhal sonra ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Epsteyn ilə bağlı aparılan istintaqlara dair bütün sənədlərin 19 dekabr tarixinədək açıqlanması barədə sərəncam imzaladı.
Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi tərəfindən 3 milyondan çox sənəd ictimaiyyətə təqdim olundu.
Açıqlanan materiallar arasında yayımlanan videolardan birində Ceffri Epsteynə özünü "şeytan” hesab edib-etmədiyi soruşulur. O isə buna cavab olaraq "Yaxşı bir güzgüm var”, deyir.
Təxminən iki saat davam edən videoda Epsteyn bir şəxsin suallarını cavablandırır. Lakin bu sualları ona kimin verdiyi və videonun hansı məqsədlə çəkildiyi hələ də məlum deyil.
ABŞ Baş prokurorunun müavini Todd Blanş bildirib ki, son sənədlərin dərc edilməsi ilə "son dərəcə detallı sənədləşdirmə və yoxlama prosesi başa çatıb”.
Bununla belə, aralarında bəzi müxalif demokratların da olduğu bir qrup Ədliyyə Nazirliyinin heç bir əsaslı səbəb göstərmədən daha çox sənədi gizli saxladığını iddia edir.
Yenə də açıqlanan sənədlər, həyatını itirmiş maliyyə maqnatının və onun yüksək profilli çevrəsinin həyatına ciddi işıq salır.
"Möhtəşəm adam”
Nyu-Yorkda doğulub böyüyən Epsteyn 1970-ci illərin ortalarında şəhərdə yerləşən "Dalton School” adlı özəl məktəbdə riyaziyyat və fizika müəllimi işləyirdi. Universitetdə də riyaziyyat və fizika üzrə təhsil almışdı, lakin məzun olmamışdı.
Söz-söhbətlərə görə, şagirdlərindən birinin atası Epsteyndən o qədər təsirlənmişdi ki, onu Wall Street-də yerləşən Bear Stearns investisiya bankının yüksək vəzifəli ortaqlarından biri ilə tanış etmişdi.
Cəmi dörd il ərzində Epsteyn bankın ortaqlarından birinə çevrildi. 1982-ci ildə isə C Epşteyn & Co. adlı öz şirkətini qurdu.
Şirkət dəyəri 1 milyard dolları aşan aktivləri idarə edirdi və qısa müddətdə böyük uğur qazandı.
Epsteyn qazandığı sərvəti xərcləmək üçün çox gözləmədi: Florida ştatında malikanə, Nyu-Meksikoda ranço, Nyu-Yorkda isə şəhərin ən böyük yaşayış evlərindən biri olduğu deyilən mülk satın aldı. Ardınca məşhurlar, sənətçilər və siyasətçilərlə yaxın münasibətlər qurmağa başladı.
ABŞ Prezidenti Donald Tramp 2002-ci ildə "New York Magazine” jurnalına verdiyi müsahibədə demişdi:
"Ceffi 15 ildir tanıyıram. Möhtəşəm adamdır. Onunla vaxt keçirmək inanılmaz dərəcədə əyləncəlidir. Hətta deyirlər ki, ən azı mənim qədər gözəl qadınları sevir və onların çoxu daha gənc yaşdadır”.
Tramp daha sonra Epsteyn ilə yollarının 2000-ci illərin əvvəllərində, Epsteynin ilk dəfə saxlanılmasından xeyli əvvəl ayrıldığını bildirmişdi. O, Epsteyn ilə əlaqəli hər hansı qanunsuzluqda iştirak etdiyini dəfələrlə təkzib edib.
Ağ Ev isə Epsteynin Trampa məxsus Mar-a-Lago klubundan qadın işçilərə qarşı uyğun olmayan davranışlara görə qovulduğunu açıqlamışdı.
Tramp özü də Epsteynin klubun spa bölməsində çalışan gənc qadınları "oğurladığını” demiş və "bunu bir dəfə edəndən sonra onun işi bitdi” ifadəsini işlətmişdi.
Trampla yanaşı, Epsteynin bir çox başqa yüksək profilli dostları olduğu bilinir. Lakin bu fakt onların hər hansı cinayətdə iştirak etdiyini sübut etmir.
Məsələn, keçmiş ABŞ Prezidenti Bill Klinton, eləcə də aktyorlar Kevin Speysi və Kris Takerin 2002-ci ildə Epsteynin xüsusi dizayn edilmiş şəxsi təyyarəsi ilə Afrikaya səfər etdikləri məlumdur.
Bir il sonra Epsteyn məşhur prodüser Harvey Vensteyn ilə birlikdə "New York Magazine” jurnalını almağa cəhd göstərmiş, lakin bu təşəbbüs uğursuz olmuşdu. Həmin il, 2003-cü ildə Epsteyn Harvard Universitetinə 30 milyon dollar ianə etmişdi.
Keçmiş ABŞ prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq Dövlət Katibi Hilari Klinton Epsteyn işi ilə bağlı Konqresdə aparılan istintaq çərçivəsində ifadə verməyə razılıq verdilər.
Cefri Epşteyn həmçinin britaniyalı siyasətçi Peter Mandelson ilə də yaxın münasibətlərə malik idi. Mandelson sonradan bu dostluqdan peşman olduğunu bildirmiş və həmin əlaqənin 2025-ci ildə onun səfir vəzifəsini itirməsinə səbəb olduğunu demişdi.
Mandelson açıqlanan son sənədlərdən sonra İşçi Partiyasından istefa verdi. Böyük Britaniya polisi isə onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı daxil olan şikayətlər əsasında araşdırmaya başladı.
İddialara görə, Mandelson 2009-cu ildə Böyük Britaniyanın Ticarət Naziri olduğu dövrdə məxfi hökumət məlumatlarını Epsteynə ötürüb.
Epsteyn dosyalarında yer alan sənədlərə əsasən, Mandelson Epsteynə Avropa Birliyinin avronu xilas etmək üçün 500 milyard avroluq maliyyə paketi təqdim edəcəyi barədə əvvəlcədən məlumat verib.
Yüksək vəzifəli dostlarının olmasına baxmayaraq, Epsteyn şəxsi həyatını gizli saxlamağa çalışırdı. İddialara görə, o, zənginlərin tədbirlərindən, restoranlarda təşkil olunan şam yeməklərindən uzaq dururdu.
Epsteyn İsveç gözəllik yarışmasının qalibi Eva Andersson Dubin, nəşriyyat maqnatı Robert Maksvelin qızı Gisleyn Maksvel kimi qadınlarla münasibət yaşasa da, heç vaxt evlənməmişdi.
"Tiffany & Co” şirkətinin keçmiş icraçı direktoru Rosa Monkton 2003-cü ildə "Vanity Fair” jurnalına verdiyi müsahibədə Epsteyni belə təsvir etmişdi:
"Çox sirli” və "klassik bir aysberq”.
Monkton deyirdi: "Onu tanıdığınızı düşünürsünüz, sonra soğanın daha bir qabığını soyursunuz və altından tamamilə fərqli, qeyri-adi bir şey çıxır. Gördüyünüz şey, əslində əldə etdiyiniz şey olmaya bilər”.
Məhkumiyyət və prokurorluqla razılaşma
2005-ci ildə 14 yaşlı bir qızın ailəsi Florida ştatının Palm Beach şəhərində polisə müraciət edərək, Epsteynin evində qızlarının cinsi istismara məruz qaldığını bildirdi.
Polisin malikanədə apardığı axtarış zamanı evin müxtəlif yerlərində azyaşlı qızların fotoşəkilləri tapıldı.
"Miami Herald” qəzeti azyaşlı qızlara qarşı istismarın illər əvvələ dayandığını yazırdı.
Palm Beach Polis İdarəsinin rəisi Maykl Rayter qəzetə verdiyi açıqlamada demişdi:
"Burada ‘o belə dedi, bu belə dedi’ vəziyyəti yoxdur.”
"50-dən çox qız və bir oğlan var idi və qızların demək olar hamısı eyni hekayəni danışırdı.”
Epsteyn işi məhkəmədə davam edərkən, "New York Magazine” jurnalında 2007-ci ildə dərc olunan bir profil yazısında köşə yazarı Maykl Voff Epsteyn haqqında belə yazmışdı: "Qızlarla bağlı məsələni heç vaxt inkar etmirdi.”
Buna baxmayaraq, 2008-ci ildə prokurorlar Epsteynlə razılaşma əldə etdilər.
Epsteyn ömürlük həbs cəzası ilə üzləşə biləcəyi federal ittihamlardan xilas oldu və bunun əvəzində 18 ay həbs cəzası aldı. O, bu müddət ərzində həftənin altı günü, gündə 12 saat ofisinə getmək üçün "işə gedib-gəlmə” icazəsi əldə etmişdi. 13 aydan sonra isə şərti azadlığa buraxıldı.
"Miami Herald” qəzetinin araşdırmasına görə, federal prokuror Alexander Acosta Epsteynin cinayətlərinin miqyasını gizlədən və daha çox qurbanın, eləcə də digər nüfuzlu şəxslərin olub-olmaması ilə bağlı aparılan FBI araşdırmasını dayandıran razılaşmaya imza atmışdı.
Qəzet bu razılaşmanı "əsrin razılaşması” adlandırmışdı.
Akosta qalmaqaldan sonra 2019-cu ildə istefa verdi. O isə özünü belə müdafiə etmişdi:
Epsteynin ən azından müəyyən müddət həbsxanada qalmasını təmin etdiyini söyləmişdi.
Epsteyn 2008-ci ildən etibarən Nyu-York ştatının cinsi cinayətkarlar reyestrində "üçüncü səviyyəli cinayətkar” kimi qeydiyyata alınmışdı. Bu kateqoriya ömürlük idi və Epsteyn "yenidən cinayət törətmə riski yüksək” şəxs kimi qiymətləndirilirdi.
Buna baxmayaraq, o, həbs olunandan sonra da əmlakını və maliyyə aktivlərini qorumağı bacarmışdı.
2010-cu ildə Böyük Britaniya Kraliçası II Yelizavetanın üçüncü övladı, o zaman Şahzadə Endryu kimi tanınan Endryu Mountbatten-vindsor, Nyu-Yorkdakı "Central Park”da EpsteYn ilə birlikdə çəkilmiş fotoşəkildə göründü və bu, geniş müzakirələrə səbəb oldu.
Endryu 2019-cu ilin noyabrında BBC-yə verdiyi müsahibədə Epsteyni 1999-cu ildən tanıdığını və 2010-cu ildə Nyu-Yorka getməsinin səbəbinin onunla dostluğunu bitirmək olduğunu demişdi.
O, Epsteynin evində qalmasına görə peşman olduğunu və bu davranışı ilə "hamını məyus etdiyini” etiraf etmişdi.
Lakin sonradan üzə çıxan 2011-ci ilə aid e-poçtlar Endryunun Epsteyn ilə əlaqəsini dediyindən xeyli daha uzun müddət davam etdirdiyini göstərirdi.
Bunun ardınca gələn təzyiqlər nəticəsində 2025-ci ildə Endryunuun bütün kral titulları əlindən alındı.
Epşteynin qurbanlarından biri olan VirciniyaRoberts (sonradan Virciniya Ciffre) 2000-ci illərin əvvəllərində, 17 yaşında olarkən Endryu ilə cinsi əlaqəyə məcbur edildiyini iddia etmişdi.
Endryu bu iddianı qəti şəkildə rədd etmiş və Londonda birlikdə çəkilmiş fotoşəkli xatırlamadığını demişdi.
Buna baxmayaraq, 2022-ci ildə Ciffrenin açdığı mülki iddianı bağlamaq üçün milyonlarla dollar məbləğində razılaşma ödəmişdi.
Edryunun keçmiş həyat yoldaşı Sarah Fergusonun da Epşteyn ilə dostluğu ilə bağlı yeni detallar ortaya çıxmışdı.
Epsteiynin azyaşlıdan cinsi əlaqə tələb etdiyinə görə həbsdə olduğu dövrdə Fergusonun onunla yazışdığını göstərən e-poçtlar yayımlandıqdan sonra, Fergusonun rəhbərlik etdiyi Sarah’s Trust xeyriyyə təşkilatı "müəyyən edilməmiş müddətə” fəaliyyətini dayandırdığını elan etdi.
Son olaraq...
Epsteyn 6 iyul 2019-cu ildə Parisdən şəxsi təyyarəsi ilə qayıtdıqdan sonra Nyu-Yorkda həbs olundu.
Prokurorlar iddia edilən cinayətlərin bəzilərinin baş verdiyi Nyu-Yorkdakı malikanəsinə əl qoyulmasını tələb edirdilər.
Epsteyn heç vaxt günahını qəbul etmədi və ona qarşı irəli sürülən bütün ittihamları rədd etdi.
Girov tələbi məhkəmə tərəfindən rədd edildikdən sonra o, Metropolitan Həbsxanasında saxlanılırdı.
İyul ayında boynunda yaralar olduğu bildirilərək qısa müddətə xəstəxanaya aparılmışdı. Lakin nə həbsxana rəhbərliyi, nə də vəkilləri bu barədə rəsmi açıqlama verməmişdi.
31 iyul tarixində məhkəməyə son dəfə çıxarılan Epsteynin işinin ən tez 2020-ci ilin yayında başlayacağı və onun ən azı bir il həbsdə qalacağı dəqiqləşmişdi.
Prokurorlar hər hansı gecikmə istəmədiklərini və işin mümkün qədər tez baxılmasının ictimai maraqlara uyğun olduğunu bildirmişdilər.
Günay
Şərhlər