Milyonlarla tamaşaçının yaddaşında işinə peşəkarcasına yanaşan ustad aktyor kimi yer alan Entoni Hopkins artıq 87 yaşındadır.
Qaynarinfo xəbər verir ki, yaşı çoxalsa da, sənətindən uzaqlaşmayıb, hətta təqaüdə çıxmağı belə düşünmür. Unudulmaz filmləri ona bir-birinin ardınca mükafatlar qazandırıb və kinonun canlı əfsanələrindən biri sayılır.
Digər tərəfdən, bu yaşına baxmayaraq, Hopkins sosial mediada da olduqca fəaldır. Bir çox həmyaşıdları smartfondan istifadəni belə bilmədiyi halda, o, gənclərə meydan oxuyacaq dərəcədə rəqs etdiyi videoları paylaşır.
Xaricdən baxanda hər şey yolunda görünür, amma onun həyatı da heç kimin həyatının qüsursuz olmadığını göstərən nümunələrdəndir. Məşhur aktyorun bir qızı var və o, artıq yetkin yaşda olsa da, atası ilə 24 ildir görüşmür.
2003-cü ildə ikinci həyat yoldaşı Stella Arroyevlə ailə quran aktyorun həyatı ümumilikdə xoşbəxt görünür, lakin ən böyük boşluq qızı ilə münasibətindədir.
Hopkinsin ilk həyat yoldaşı Petronella Barkerlə evliliyindən Abigeil adlı bir qızı var. Onlar 1966-cı ildə evlənib, 1972-ci ildə ayrılıblar. Ailə dağılanda Abigeil çox kiçik olub. Bir müddət ata və qız əlaqə saxlayıb, hətta Abigeil Hopkins atasının rol aldığı "Gündən qalanlar" və "Shadowlands" filmlərində də oynamışdı. Lakin sonradan yolları ayrılıb.
Hazırda müğənni, bəstəkar və sənədli film yaradıcısı kimi tanınan Abigeil Hopkins atasından uzaq bir həyat sürür.
Entoni Hopkins yaxın günlərdə nəşr olunacaq "We Did Ok, Kid” adlı xatirə kitabı ərəfəsində "New York Times"a verdiyi müsahibədə qızından da danışıb. O, həyat yoldaşı Stellanın Abigeili evlərinə dəvət etdiyini, lakin heç bir cavab almadıqlarını bildirib:
"Stella onu dəvət etdi, amma bircə kəlmə cavab belə vermədi".
Aktyor vəziyyəti bu sözlərlə şərh edib: "Tamam, problem deyil. Mən əlimdən gələni etdim. Daha bu məsələ ilə bağlı heç bir addım atmayacağam. Hamımız günahkarıq".
Beləliklə, Hopkins uzun illər davam edən ailə soyuqluğuna barışıqla yanaşır.
Məlumata görə, Abigeil Hopkins dörd il əvvəl yoğun bağırsaq xərçəngi müalicəsi alıb və hazırda müalicədən sonra xəstəlik əlaməti müşahidə edilmir.
Aydın
Şərhlər