Xəbər lenti

Ekonomiks 15:19 29.10.2025

"Bolmart"ın rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi: "Mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir"

"Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.

O, son günlər mətbuatda "Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. O, yalnız bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:



"Bildiyiniz kimi, "Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”. 

İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır: 



"Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.

R.Məmmədli vurğulayıb ki, "Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir: "Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda "Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”. 



"Hazırda söhbət yalnız bir mağazanın fəaliyyətinin dayanmasından gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”,
deyə icraçı direktor əlavə edib.

R.Məmmədli sonda bir daha vurğulayıb ki, "Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:

"Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->