ABŞ-ın Arkanzas ştatının cənub-qərbində yerləşən "Crater of Diamonds" adlı dövlət parkı dünyada yeganə məkandır ki, buraya gələnlər təbii şəraitdə almaz axtarıb tapdıqları daşları özləri ilə apara bilirlər.
Qaynarinfo xəbər verir ki, Arkanzas geoloji xidmətinin məlumatına görə, bu ərazi təsadüfən 1906-cı ildə kəşf edildiyi vaxtdan bəri burada 75 mindən çox almaz tapılıb. Hazırda təxminən 15 hektar sahəyə malik şumlanmış bu ərazi hər il dünyanın müxtəlif yerlərindən minlərlə turist cəlb edir.
Almazların çoxu Yer səthindən yüzlərlə kilometr dərinlikdə əmələ gəlsə də, bu parkda daşlar təxminən 95 milyon il əvvəl baş vermiş vulkan püskürməsi nəticəsində səthə çıxıb. Püskürmə zamanı yaranmış vulkanik boru almazla zəngin lamproit süxurları ilə dolub və zamanla səthə açılan qiymətli daşlar indi asanlıqla əlçatan olub.
1972-ci ildə Arkanzas ştatı ərazini satın alaraq dövlət parkı elan edib. Buraya giriş qiyməti çox münasibdir və qiymətli daş toplamaq üçün xüsusi icazəyə ehtiyac yoxdur. Ziyarətçilərə sadə alətlər – kürək, vedrə və ələkdən istifadə etmək tövsiyə olunur. Park əməkdaşları həm də təlimatlar verir və şübhəli tapıntıları laboratoriyada yoxlayırlar.
Ən məşhur tapıntılar arasında 1924-cü ildə aşkarlanan 40,23 karatlıq "Uncle Sam" almazı var. Bu, ABŞ-da indiyədək tapılmış ən böyük almaz hesab olunur. Digər diqqətəlayiq tapıntılar arasında 1975-ci ildə tapılan 16,37 karatlıq "Amarillo Starlight" və 2015-ci ildə aşkarlanan 8,52 karatlıq "Esperanza" almazlarıdır.
Mütəxəssislərin sözlərinə görə, parkda gündəlik olaraq bir neçə almaz tapılır. Onların bir qismi kifayət qədər böyük olur və zərgərlik məmulatlarının hazırlanmasına yarayır. Ən çox ağ və qəhvəyi daşlar aşkarlansa da, bəzən sarı rəngli almazlara da rast gəlinir. Təxminən hər onuncu ziyarətçi parktan qiymətli daşla ayrılır, əksəriyyəti kiçik ölçüdə olsa da, tamamilə orijinaldır.
Aydın
Şərhlər