Dünya yeni nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınlaşıb, siyasi liderlərin davranışı isə keçmişin dərslərinin nəzərə alınmadığını göstərir.
Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq ekspertlər Çernobıl və Zaporojye atom elektrik stansiyaları ətrafındakı vəziyyəti təhlil edərkən xəbərdarlıq ediblər.
Ukrayna Nüvə Cəmiyyətinin prezidenti, Ukraynanın İstisna Zonası üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Volodımır Xoloşa 1986-cı ildə Çernobıl AES-də partlayışdan sonra dağıdılmış reaktoru ilk dəfə gördüyü anı xatırlayarkən şok yaşadığını bildirib: "Gördüklərim hazırladığımız heç bir ssenariyə uyğun gəlmirdi. İlk günlərdə sadəcə nə baş verdiyini anlamağa çalışırdıq".
Xoloşanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukraynanı yeni fəlakətin astanasına gətirir: "Rusiya Çernobıl dərslərini mənimsəməyib. Bəlkə də bu addımlar onların geosiyasi məqsədlərinə xidmət edir, lakin bu dərslərin nəzərə alınmaması təkcə Ukraynanı deyil, həm də regional və qlobal təhlükəsizliyi risk altına qoyur".
2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğaldan sonra Rusiya qüvvələri dəfələrlə Ukraynanın nüvə obyektləri yaxınlığında təhlükəli fəaliyyət göstərib. Nəşr bu cür bir neçə faktı xatırladır. Son günlər Ukrayna bildirib ki, Rusiya Çernobıl AES yaxınlığında pilotsuz uçuş aparatları və raketlər buraxır ki, bu da böyük qəza riskini artırır. Rusiyanın nəzarətində olan Zaporojye AES isə ötən həftə işğalın başlanmasından bəri artıq 13-cü dəfə elektrik təchizatını itirib. Bundan əlavə, ötən il Rusiya dronu Çernobıl AES-in dördüncü reaktoru üzərindəki qoruyucu örtüyə zərbə endirib və bu örtük radioaktiv maddələrin yayılmasının qarşısını alır.
"Atom Alimləri Bülleteni"nin prezidenti Aleksandra Bell bildirib ki, 40 ildən sonra nüvə risklərinin azaldılması sahəsində dünya liderlərinin fəaliyyətsizliyi həm Vaşinqtonda, həm də Moskvada xidməti səhlənkarlıqdır.
"Biz nüvə sahəsində bir sıra potensial fəlakətlərə çox yaxınlaşmışıq", deyə o vurğulayıb və əlavə edib ki, liderlər lazımi dərsləri çıxarmayıb və dünyanı Çernobıl tipli fəlakətin təkrarlanması riskinə yaxınlaşdırır.
Onun sözlərinə görə, problem siyasətçilərin təhlükəni anlamamasında deyil, təcili və qəti addımlar atmaq üçün siyasi iradənin olmamasındadır.
ABŞ hökumətində nüvə enerjisi ilə bağlı vəzifələrdə çalışmış Bell bildirib ki, Zaporojye AES-ə hücum yalnız infrastrukturun dağıdılmasına deyil, həm də reaktorun əriməsinə səbəb ola bilər: "Belə təhlükəli nəticələrə səbəb ola biləcək obyektə qarşı bu cür hərəkətlərin mümkün olması heyrət doğurur".
Ekspertlər stansiyanın təhlükəsizlik sistemlərinin zəifləməsi, zəif nəzarət və kəskin kadr çatışmazlığı səbəbindən getdikcə daha təhlükəli hala gəldiyini bildirirlər.
1986-cı il qəzası zamanı Çernobıl AES-də çalışmış Xoloşa vurğulayıb ki, Rusiyanın hərəkətləri nəzarətsiz radiasiya sızmasına səbəb ola bilər və bu, təkcə Ukrayna üçün deyil, qonşu ölkələr üçün də ölümcül təhlükədir.
Bildirilir ki, Zaporojye AES təhlükəsizlik sistemlərinin işləməsi üçün daimi elektrik təchizatına ehtiyac duyur, lakin bu təchizat dəfələrlə kəsilib. Zəruri təmir işlərinin aparılmaması isə kritik avadanlıqların sıradan çıxmasına gətirib çıxarır. Bundan başqa, stansiyada ciddi kadr çatışmazlığı var və işçilərin əksəriyyəti əvvəl obyekti idarə edən Ukraynanın "Energoatom" şirkətinin deyil, Rusiya strukturlarının əməkdaşlarıdır.
Xoloşanın sözlərinə görə, stansiya ərazisi və enerji blokları minalanıb ki, bu da təsadüfi və ya qəsdən partlayış riskini xeyli artırır.
"Greenpeace Ukrayna"nın nüvə enerjisi üzrə baş mütəxəssisi Şon Börni diqqətə çatdırıb ki, Moskva "Rosatom" dövlət korporasiyası ilə birlikdə stansiyanı öz enerji sisteminə qoşmağı planlaşdırır: "Rosatom"un reaktorları yenidən işə salmasına imkan vermək olmaz. Beynəlxalq ictimaiyyət, Avropa hökumətləri və MAQATE üçün əsas prioritet stansiyanın qanunsuz işğalına son qoymaq olmalıdır. Heç bir halda Rusiyanın nəzarəti saxlamasına icazə verilməməlidir".
Çernobıl faciəsindən 40 il sonra Xoloşanın narahatlıqları daha da artıb, çünki dünya liderləri riskləri azaltmaq əvəzinə nüvə təhdidlərinə daha çox müraciət edir: "Biz nüvə şantajı həddinin təhlükəli şəkildə aşağı düşdüyünü görürük. Liderlər açıq şəkildə nüvə silahından istifadəni müzakirə etdikdə, bu, qlobal çəkindirmə sistemini zəiflədir".
Bellin fikrincə, dünya yeni nüvə dövrünə daxil olur və liderlər riskləri azaltmaq üçün real addımlar atmır.
2026-cı ilin yanvarında bəşəriyyətin özünü məhv etməyə nə qədər yaxın olduğunu göstərən "Qiyamət saatı” 85 saniyəni göstərib ki, bu da tarixdə ən təhlükəli göstəricidir.
"Tarixdə təhlükəli dövrlər olub, lakin o zaman liderlər mürəkkəb münasibətlərə baxmayaraq riskləri azaltmağın yollarını tapırdılar. Oxlar hər dəfə geri çəkiləndə bu, ictimai təzyiq və liderlərin hərəkət etməyə hazır olması sayəsində baş verirdi. Hətta soyuq müharibənin ən gərgin dövrlərində belə strateji sabitlik və nüvə riskləri müzakirə olunurdu. İndi isə bunu görmürük", deyə Bell yekunlaşdırıb.
Aydın
Şərhlər