"Neue Zürcher Zeitung" (NZZ) qəzetinin baş redaktoru və beynəlxalq şərhçisi Erik Qujger yazdığı müəllif məqaləsində bildirir ki, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynaya müdaxiləsi dünya nizamının sonunu gətirib və yeni dövrdə beynəlxalq hüquq deyil, güc siyasəti həlledici rol oynayır.
Qaynarinfo-nun xəbərinə görə, məqalədə qeyd olunur ki, ABŞ-ın Yaxın Şərqdə başlatdığı və iki ay davam edən münaqişə də bu "Putin effekti"nin nəticəsidir. Müəllifin fikrincə, köhnə dünya nizamı artıq mövcud deyil və heç bir dövlət başqa bir gücün addımlarını dayandırmaq iqtidarında deyil.
"ABŞ müharibəyə başladı, çünki heç bir xarici dövlət onu dayandıra bilmədi. Nə Rusiya, nə Çin, nə də Avropa", deyə məqalədə vurğulanır.
Beş güc mərkəzi olan yeni dünya
Müəllifin fikrincə, dünya artıq çoxqütblü sistemə keçib və əsas güc mərkəzləri ABŞ, Çin, Rusiya, Hindistan və Avropa İttifaqıdır. Bu sistemdə əvvəlki beynəlxalq qaydalar artıq işləmir.
Qujger bu vəziyyəti "pentarxiya" – beş böyük gücün rəqabəti kimi təsvir edir və bunun qlobal riskləri artırdığını bildirir. Onun fikrincə, Ukraynada və Fars körfəzində baş verən müharibələr gələcəkdə istisna deyil, daha çox norma halını ala bilər.
Eyni zamanda müəllif hesab edir ki, bu rəqabət yeni dünya müharibəsinə çevrilməyəcək, çünki qarşıdurmalar əsasən regional səviyyədə qalacaq, lakin onların təsiri qlobal olacaq.
Məqalədə həmçinin qeyd olunur ki, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi dayandırılmadığı üçün bu gün dünya yeni geosiyasi mərhələyə daxil olub.
Aydın
Şərhlər