Xəbər lenti

Dünya 15:48 14.01.2026

"Dnestryanı düyünü": Kişinyov niyə geri çəkilir? (ŞƏRH)

"Moldova Dnestryanıdakı rus "sülhməramlı”larının təchizatını dayandırmaq risqinə getməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Kiyev və Kişinyovun Rusiya Silahlı Qüvvələrinin Dnestryanı (PMR) ərazisində yerləşən sülhməramlı kontingentinin təchizatına sərt məhdudiyyətlər tətbiq etməsini şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, Rusiya irredentizm prinsipindən çıxış edir: 

"Harada rus əhalisi yaşayırsa, Moskva həmin ərazilərə Rusiya torpağı kimi yanaşır. Dnestryanı məsələsində də eyni prinsiplə hərəkət edir. 1992-ci ildə baş verən qarşıdurma fonunda Rusiya bu ərazini Moldovadan faktiki olaraq ayıraraq, sülhməramlı adı altında öz silahlı qüvvələrini orada yerləşdirib. Hazırda Dnestryanı Rusiyanın nəzarəti altındadır. Moldova isə bu bölgədən imtina etmək istəmir və rus qüvvələrinin ərazidən çıxarılmasına çalışır”. 
 


Həmsöhbətimiz bildirib ki, Moldova və Ukraynanın Dnestryanıdakı "sülhməramlı”ların təchizatı ilə bağlı yaratdıqları əngəllər Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa hesablanmış addımdır: 

"Ancaq onların buna nail olacaqlarını düşünmürəm. Rusiyanın diqqəti Ukraynaya yönəlsə də, Moskva eyni zamanda Dnestryanıda möhkəmlənib. Təchizatla bağlı süni maneələr yaradılarsa, bu, Putinə Dnestryanıda da Ukraynadakına bənzər bir hərbi əməliyyat aparmaq imkanı verə bilər. Bunun üçün onun kifayət qədər resursu var. NATO Moldovanın silahlanması üçün müəyyən tədarüklər həyata keçirsə də, ölkənin müdafiə imkanları son dərəcə zəifdir. Avropa dövlətləri də Moldovanı real şəkildə müdafiə etmək gücündə deyil. Onlar Ukraynada belə öz acizliyini nümayiş etdirdilər. ABŞ-ın isə prosesə birbaşa müdaxilə edəcəyi gözlənilmir. Əksinə, Tramp və Putin arasında siyasi bazarlaşma ehtimalı da istisna deyil. Ona görə də Kişinyov təchizatı dayandırmaq kimi riskli addıma getməyəcək. Əks halda, Rusiyanın həmin əraziyə daha genişmiqyaslı müdaxiləsinin şahidi ola bilərik”. 

Qeyd edək ki, Moldova və Ukrayna hakimiyyətləri Rusiya Silahlı Qüvvələrinin Dnestryanı (PMR) ərazisində yerləşən sülhməramlı kontingentinin təchizatına ciddi məhdudiyyətlər tətbiq edib. Ukrayna mətbuatının məlumatına görə, Kiyev Dnestryanı ilə 450 kilometrlik sərhəd xətti boyunca nəzarəti sərtləşdirib. Moldova hakimiyyəti də Dnestryanı bölgə ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib, daimi nəzarət məntəqələrindən kənar ərazilərdə hərəkətə nəzarət məqsədilə mobil qruplar yerləşdirib. Rusiya tərəfi isə yaranmış vəziyyəti "sülhməramlıların faktiki blokadasına yönəlmiş düşmən addımı” kimi qiymətləndirərək, bunun ərzaq təminatında ciddi problemlər yaratdığını bəyan edib. 

Rüfət Sultan
--> -->