Xəbər lenti

İkiqat zərbə: Britaniya Ukraynanı Rusiya nefti hesabına maliyyələşdirmək istəyir - The Times
Dünya 13:51 14.01.2026

İkiqat zərbə: Britaniya Ukraynanı Rusiya nefti hesabına maliyyələşdirmək istəyir - The Times

Böyük Britaniya, Rusiyanın "kölgə donanması"na məxsus gəmilərdən müsadirə edilmiş neftin satışından əldə olunan vəsaitin Ukraynanın hərbi səylərinin dəstəklənməsinə yönəldilməsi imkanlarını müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” müzakirələrin gedişatı ilə tanış olan hökumət mənbəsinə istinadən ht məlumat yayıb.

Variantlardan birinə görə, London nəinki Rusiya hərbi maşınına gedən maliyyə axınlarını kəsəcək, həm də sanksiyalı neftin satışından əldə edilən pulları birbaşa Ukraynaya yönəldəcək. Eyni zamanda, mənbələr belə bir mexanizmin praktiki tətbiqinin hələlik açıq sual olaraq qaldığını etiraf edirlər.

"Bunun Rusiya hərbi maşınına ikiqat təsiri olacaq – biz onları təkcə qeyri-qanuni hərbi gəlirlərdən məhrum etməyəcəyik, həm də Ukraynanın müqavimətini maliyyələşdirməyə kömək edəcək bir yol tapacağıq", – deyə mənbə qeyd edib.

Bu planlar fonunda Böyük Britaniyanın xüsusi təyinatlı dəstələri Rusiyanın kölgə donanmasının gəmilərinə qarşı mümkün reydlərə hazırlaşır. Söhbət helikopterlərdən tankerlərə enmək və heyətləri ələ keçirmək üzrə təlim keçmiş elit bölmələrdən gedir. Belə hərəkətlər hökumətin sanksiya qanunvericiliyi və çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əməliyyatlar üçün hüquqi baza müəyyən etməsindən sonra mümkün olub.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın sanksiya siyahısında olan iki tanker – Spring Fortune və Range Vale — həftənin ortalarında La-Manş boğazından keçməlidir. Hər iki gəmi xam neft daşıyır və Kamerun ilə Zimbabvenin saxta bayraqları altında üzür ki, bu da onları müdaxilə üçün potensial hədəfə çevirir.

Spring Fortune: Ukraynanın sabitliyini pozmağa yönəlmiş fəaliyyətlərdə iştirakına və ya Rusiya hökuməti üçün mənfəət əldə etməsinə görə keçən ilin mayında Britaniyanın sanksiya siyahısına salınıb. Əvvəllər adını və bayrağını (Yunanıstan, Marşall adaları, Malta və Panama) dəfələrlə dəyişib.

Range Vale: Rusiya limanlarından, xüsusən də Baltik dənizindən neft ixracı ilə məşğuldur və 2024-cü ildən sanksiya altındadır. Gəmi BƏƏ-nin "Radiating World Shipping Services" şirkəti ilə — Rusiyanın kölgə donanmasının aparıcı operatorlarından biri ilə əlaqələndirilir.

Bundan əlavə, Britaniyadakı NATO nümayəndələrinin Atlantik okeanı vasitəsilə Avropaya doğru hərəkət edən azı üç şübhəli Rusiya tankerini (Vesna, Veronica III və Bertha) izlədiyi bildirilir. Bu, gəmilərin ələ keçirilməsi üzrə yeni əməliyyatların ehtimalını artırır.

Xüsusi diqqət Aruba bayrağı altında La-Manşdan maneəsiz keçən "Belıy Kondor" (Ağ Qunduz) gəmisinə yönəlib. Aruba rəsmiləri ölkənin gəmiçilik reyestrinin olmadığını və bu bayraqdan istifadənin qeyri-qanuni olduğunu bəyan edərək, digər dövlətləri belə gəmilər limanlara daxil olarkən cinayət işi açmağa çağırıblar. Tankerin 2018-ci ildən bəri liman yoxlamasından keçmədiyi məlumdur ki, bu da qəza və ya neft sızması riski baxımından ciddi narahatlıq doğurur.
NATO-nun Dəniz Komandanlığının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri komandor Arlo Abrahamson bildirib ki, alyans maraq doğuran gəmilər haqqında daim kəşfiyyat məlumatları mübadiləsi aparır. Onun sözlərinə görə, müttəfiqlər "dəniz yollarının azad və açıq olmasını təmin etmək və dəniz sahəsindəki təhdidlərə birgə reaksiya vermək üçün səylərini müntəzəm olaraq əlaqələndirirlər".

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kölgə donanmasının fəaliyyətinə qarşı əlaqələndirilmiş təzyiqin cari nəticələrini açıqlamışdı. Xüsusilə, hazırda bu donanmaya məxsus gəmilərin azı 20%-i dayandırılıb.

Alpər
--> -->