Xəbər lenti

Aİ Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə vəzifəsi yaradır: Kim təyin oluna bilər?
Dünya 15:27 14.01.2026

Aİ Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə vəzifəsi yaradır: Kim təyin oluna bilər?

Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqlar aparmaq və bütün birliyin maraqlarını təmsil etmək üçün xüsusi nümayəndə vəzifəsi yaratmaq istəyir. 

Qaynarinfo xəbər verir ki, "Politico” nəşrinin öz mənbələrinə istinadən yazdığına görə, Fransa və İtaliya da daxil olmaqla planın tərəfdarları artıq Avropa Komissiyasının və bir sıra digər ölkələrin dəstəyini qazanıblar.

Onlar iddia edirlər ki, Avropa öz "qırmızı xətlərini" — məsələn, Ukraynanın NATO-ya potensial üzvlüyü kimi məsələləri — yalnız Aİ-nin danışıqlar masasında yeri olacağı təqdirdə qoruya bilər.

"Bəzi məsələlər var ki, onları [yalnız] ABŞ ilə müzakirə etmək olmaz, çünki onların avropalılar kimi bizim təhlükəsizliyimizə birbaşa təsiri var. Vaşinqtona verilən mesaj da Moskvaya verilən mesaj qədər vacibdir", — deyə rəsmilərdən biri bildirib.

Avropa liderləri xüsusi elçi ideyasını ilk dəfə keçən ilin martında keçirilən Aİ sammitində müzakirə ediblər. Geniş dəstəyə baxmayaraq, hələlik yekun qərar qəbul edilməyib. Bəzi rəsmilər qeyd edirlər ki, Ukrayna üzrə elçi yaradılmasını dəstəkləyən ölkələr, Rusiya ilə danışıqlar üçün elçi yaradılmasını dəstəkləməyə bilər.

Bəs bu vəzifəyə kimlər təklif olunur?

Vəzifənin əsas aspektləri — onun yalnız Aİ-ni, yoxsa Böyük Britaniya və digər ölkələrin də daxil olduğu geniş koalisiyanı təmsil edəcəyi — hələ dəqiqləşdirilməlidir. Eyni zamanda, bu rolun rəsmi bürokrat tərəfindən icra ediləcəyi və ya qeyri-rəsmi olaraq fəaliyyətdə olan bir milli liderə həvalə olunacağı da müzakirə mövzusudur.

Namizədlər arasında aşağıdakı şəxslərin adları çəkilir:

Mario Draqi: İtaliya hökumətinin naziri Covambattista Fatsolari bildirib ki, bu vəzifə İtaliyanın keçmiş baş nazirinə təklif edilməlidir.
Aleksander Stubb: Finlandiya prezidentinin adı həm Vaşinqton, həm də Moskva ilə danışıqlarda potensial təmsilçi kimi tez-tez çəkilir. Onun Tramp ilə dostluq münasibətləri var, ölkəsi isə Rusiya ilə həmsərhəddir və Kreml tərəfindən hibrid kampaniyalara məruz qalır.

Bununla belə, bəzi diplomatlar Putinlə danışmağın onu legitimləşdirə biləcəyi riskindən narahatdırlar. Aİ nümayəndələri vurğulayırlar ki, hazırda belə bir vəzifə rəsmən mövcud deyil və namizədlər barədə danışmaq hələ tezdir.

Dekabrda Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, əgər ABŞ-ın Ukrayna üçün sülh sazişinə nail olmaq səyləri uğursuzluğa düçar olarsa, Avropa Kreml rəhbəri Vladimir Putinlə birbaşa danışıqları bərpa etməlidir. Makron həmçinin şikayət edib ki, hazırda Avropa dövlət və hökumət başçıları ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarından kənarda qalıblar.

İtaliyanın baş naziri Ciorcia Meloni də Avropanın Rusiya ilə danışmaq vaxtının çatdığını qeyd edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Avropanın Rusiya ilə danışmasına qarşı deyil, lakin bu, yalnız Moskvanın danışıqların ciddiliyini və nəticələrini dərk etməsi şərti ilə mümkündür.

Alpər
--> -->